Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketini tətbiq etməyə başlayıb
İsveçrə hökuməti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 10-cu sanksiyalar paketini tətbiq etməyə başladığını açıqlayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, müvafiq olaraq, yeni ticarət qadağaları, mülki və hərbi məqsədlər üçün istifadə edilə bilən məhsul və texnologiyalara ixrac nəzarəti, həmçinin 87 şəxs və 34 qurum sanksiya siyahısına əlavə edilib. Siyahıda bir çox dövlət məmuru, o cümlədən Rusiya Federasiya Şurasının üzvləri, 19 nazir müavini, müxtəlif federal qurumların rəhbərləri və Dumanın 4 deputatı da yer alıb.
Xatırladaq ki, İsveçrə 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Aİ-nin Rusiyaya qarşı sanksiyalarında iştirak edir.
Qeyd edək ki, Aİ-yə üzv ölkələr fevralın 25-də Rusiyaya yeni ticarət qadağaları, həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilə bilən məhsul və texnologiyalara ixrac nəzarəti və pilotsuz uçuş aparatları (PUA) göndərənlərə əlavə məhdudiyyətlər gətirən 10-cu sanksiyalar paketini təsdiqləyib.