Azərbaycanda beynəlxalq tədbir keçiriləcək

Aprelin 25-dən 27-dək Qida Təhlükəsizliyi Agentliyi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə ölkəmizdə “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda beynəlxalq tədbir keçiriləcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan, Pakistan, Gürcüstan, Suriya, İran, Türkiyə və Rusiyadan nümayəndələrin iştirakı nəzərdə tutulur.

Xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair regional məsləhətləşmənin məqsədi həmin xəstəlik üzrə fəaliyyət planını və onun əsas elementlərini təqdim etmək, həmçinin İƏT regionunda və Qərbi Avrasiya ölkələrində PPR-ın aradan qaldırılmasında irəliləyişə nail olmaq üçün prioritet addımları və yanaşmaları müəyyən etməkdən ibarətdir.

Tədbirdə beynəlxalq və regional təşkilatlar dabaq və xırdabuynuzlu heyvanların taunun (PPR) qlobal və regional perspektivini və hər bir təşkilatın təklif edə biləcəyi mümkün dəstəyi təqdim edəcəklər. Qeyd edək ki, belə tədbirlər regionda indiki və gələcək epizootoloji durumun sabitliyinin qoruyub saxlanılmasında mühüm rol oynayır.