Baş nazir İrakli Qaribaşvilinin bəyanatı: Siz bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub
Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Baş nazir İrakli Qaribaşvilinin
bəyanatı
-Cənab Prezident, əziz dostum, mən Sizi salamlayıram.
Hörmətli İlham müəllim, mən bu gün ölkənizin bu füsunkar bölgəsində olmaqdan böyük şərəf duyuram. Mənim dostum Azərbaycan Prezidenti cənab İlham Əliyevə bizə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm.
Siz düz qeyd etdiniz ki, bir neçə ay öncə Gürcüstanda səfərdə oldunuz. Bu, artıq yeni bir ənənədir ki, biz yalnız paytaxtlara deyil, həm də bölgələrə səfər edirik. Bu, çox gözəl təşəbbüsdür və bu gün də bizim burada olmağımız bunun sübutudur.
Bir daha onu qeyd etmək istərdim ki, Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq və qardaşlıq münasibətləri olduqca önəmlidir. Bizim dostluğumuzun çox qədim tarixi var və Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik və o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu, belə olacaqdır. Biz dəfələrlə bu mühüm layihələri qeyd etmişik.
Məlumdur ki, Gürcüstan da etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu fəaliyyətimizi davam etdiririk və dayanmırıq. Bildiyiniz kimi, biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz məsələsini inkişaf etdiririk. Yaşıl enerjini Avropaya nəql etmək üçün bizim nəhəng potensialımız mövcuddur, bunun çox böyük perspektivləri var. Bu, bir gələcəkdir. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq. Biz bunu da müzakirə etdik.
Bundan əlavə, əlbəttə ki, biz regiondakı vəziyyəti müzakirə etdik. Hazırda Ukraynadakı vəziyyət müzakirə edildi, burada risklər, çağırışlar mövcuddur. Elə çağırışlar ki, onlar İkinci Dünya müharibəsindən sonra mövcud deyildi. Bizim başlıca amalımız sülh və sabitliyin təmin edilməsidir. Çünki bunlar olmasa, heç bir inkişaf və firavanlıqdan söhbət gedə bilməz.
Biz yeni iş yerləri açmalıyıq və xalqlarımızın firavanlığını təmin etməliyik. Biz bu sahədə eyni baxışa malikik. Ölkələrimiz arasında münasibətlərin daha sıx olmasını arzulayırıq.
Onu da əlavə etmək istəyirəm ki, biz Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə çalışırıq. Bizim məqsədimiz də yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq, infrastrukturu – dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir. Bildiyiniz kimi, biz Gürcüstanda yeni limanın inşası üzərində çalışırıq. Bir ildən sonra biz dəmir yolunun genişləndirilməsi layihəsini həyata keçirəcəyik, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti genişləndiriləcək və biz Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik.
Bunu bir daha qeyd etmək istərdim ki, bizim əsas məqsədimiz regionda sülhü və sabitliyi təmin etməkdir. Regionda daha çox layihələr həyata keçirməliyik və biz işimizi gözəl qardaşlıq mühitində irəli aparacağıq.
Cənab Prezident, bir daha Sizə hədsiz minnətdarlığımı bildirirəm. Bu il ölkənizdə Siz dahi atanız Heydər Əliyevin 100 illiyini qeyd edirsiniz. Siz bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub. Sizə və Azərbaycan xalqına sülh və sabitlik arzu edirəm. Təşəkkür edirəm diqqətinizə görə.

