Baş nazir Əli Əsədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 7-də Qazaxıstan Respublikası Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafı qeyd olunub. Tərəflər ikitərəfli əmtəə dövriyyəsinin artım sürətini müsbət qiymətləndiriblər.

Görüşdə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının gündəliyində duran məsələlərə toxunulub.

Tərəflər, həmçinin ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək perspektivləri müzakirə ediblər.