Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir - XİN

14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Nazirlikdən Yerveinsan.az-a verilən məlumata görə, Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik.

Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq.

Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib.