Göyçayda qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkarlanıb

Baş İctimai Təhlükəsizlik İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexləri aşkar edilib.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, yoxlamalar zamanı Elnur Beydullayevə məxsus Kürdəmiş kəndində yerləşən taxta emalı sexinə baxış keçirilərkən oradan 4 dəzgah, 1177 taxta yeşik, qoz və qovaq ağaclarının gövdələri aşkarlanıb.

Davam etdirilən tədbirlərlə rayonun Cəyirli kəndində də qanunsuz olaraq fəaliyyət göstərən daha 2 taxta emal edən sex müəyyən edilib. Belə ki, Əli Mahmudovun işlətdiyi sexdən 2 dəzgah, 1200 taxta yeşik, qovaq ağacının hissələri, Alim Əhmədova məxsus sexdən isə iki elektrik mişarı, qovaq, fıstıq və qoz ağaclarından hazırlanmış taxta yeşiklər aşkarlanıb.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar aparılır.