Suraxanıda narkotik satan 60 nəfər saxlanılıb

Suraxanı rayonunda mart-aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 60, üstündə odlu silah gəzdirən 2 nəfər saxlanılıb.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, narkotiklərin satışı ilə məşğul olan 7 nəfər – Seymur Rəşidov, Xəyal Sultanov, İbrahim İbrahimov, Rəşad Məmmədov, Namin Bədəlov, Səməndər Şükürov və Mikayıl Süleymanov Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Qeyd edək ki, Suraxanı rayonunda bu ilin mart və aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 60 nəfər saxlanılıb. Onlar barəsində idarənin İstintaq şöbəsində araşdırmalar aparılır. Həmin dövrdə Suraxanı rayonunda üstündə qanunsuz olaraq silah saxlayan daha 2 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar edilib.

Suraxanı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanunazidd əməllərə yol verən şəxslərin saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.