Ermənistanla sərhəddə yaradılan nəzarət-buraxılış məntəqəsi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir
Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması və bu yoldan daşınan yüklərin Azərbaycan əsgərlərinin nəzarətinə keçməsi Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsidir.
Yerveinsan.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
O bildirib ki, hələ 2020-ci ilin 10 noyabr Bəyanatı imzalanarkən Ermənistan tərəfi dəhlizin eninin 20 kilometr olmasını və özünün hərbçiləri tərəfindən nəzarət edilməsi şərtini irəli sürürdü. Lakin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Ermənistanın bu tələbinin qarşısı alındı və dəhlizin eni 5 kilometr müəyyən edildi. Bununla yanaşı, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli Bəyanatda əksini tapması da Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata keçdi.
Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması və bu yoldan daşınan yüklərin Azərbaycan əsgərlərinin nəzarətinə keçməsi ilə Azərbaycan təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha təsdiqlədi, Qarabağın sərvətinin bu yolla Ermənistana daşınmasının qarşısını aldı.
Deputat qeyd edib ki, artıq Azərbaycan dövləti 1990-cı illərdəki kimi zəif və müttəfiqsiz deyil. Prezident İlham Əliyevin siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya, etibarlı müttəfiqlərə və sürətli inkişaf yoluna qədəm qoymuş iqtisadiyyata malikdir.
Prezident İlham Əliyevin Laçına səfəri zamanı dediyi “Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır” sözlərini xatırladan S.Qurbanov artıq buna heş kimdə şübhə qalmadığını vurğulayıb.

