Prezident İlham Əliyevin bəyanatı

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.

Yerveinsan.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı
- Hörmətli, cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, ölkəmizə xoş gəlmisiniz. Sizi Azərbaycanda qəbul etmək imkanına malik olduğuma görə çox şadam. Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.

Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.

Biz, həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik.

Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.

Təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Bu gün biz, həmçinin qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçular olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, bizim ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. Bilirəm ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.

Bizim gündəliyimiz həqiqətən də genişdir. Mətbuat konfransı üçün vaxtımız məhduddur, əks halda ikitərəfli əməkdaşlığımızın geniş gündəliyi haqqında saatlar ərzində danışardıq. Əlbəttə ki, nümayəndə heyətlərinin üzvləri bu gün və sabah daha sıx qarşılıqlı əlaqədə olacaqlar.

Yekunda mən bir daha cənab Prezidentə dəvətimi qəbul etdiyinə və Azərbaycanı rəsmi səfərlə ziyarət etdiyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Ona və İsrail xalqına sülh, uğur və çiçəklənmə, Azərbaycanda yaxşı vaxt keçirməyi arzu etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, cənab Prezident.