FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla 10 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 55 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Yerveinsan.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla 10 nəfər xilas edilib, Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.