Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yerveinsan.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Xalqlarımız arasındakı güclü dostluq əlaqələri ortaq tariximizə əsaslanır. 105 il bundan əvvəl hər iki ölkə demək olar ki, eyni zamanda öz müstəqilliklərini elan etmişdir. O zamandan etibarən bizim mehriban qonşuluq, qardaşlıq münasibətlərimiz davamlı şəkildə güclənərək, dövlətlərimiz arasında möhkəm strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur.

Bu gün Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və möhkəmləndirməyə xüsusi önəm verir.

Zati-aliləri, Sizə dərin hörmətimi bir daha bildirir, fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh, cansağlığı və firavanlıq arzu edirəm".