Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorun müavini ilə görüşüb
İyunun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov YUNESKO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə, Azərbaycan və YUNESKO arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində təşkil olunan çoxsaylı beynəlxalq layihələrin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin cari ilin 26-29 iyun tarixlərində dünyada bədən tərbiyəsi və idman sahəsində ən əhəmiyyətli tədbirlərdən biri olan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransına (MINEPS) ev sahibliyi etdiyi və bir çox ölkələrdən yüksək səviyyəli rəsmilərin iştirakı məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsinin görülən bərpa-quruculuq işlərinə və sülh səylərinə təhdid olduğu bildirilib.
YUNESKO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili, Azərbaycanın YUNESKO ilə aktiv əməkdaşlıq etdiyini bildirərək, MINEPS-in Bakıda keçirilməsinin bu əməkdaşlığın bariz nümunələrindən biri olduğunu bildirib. Bu xüsusda, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür ifadə olunub.
Baş direktorun müavini Qabriela Ramos məsul olduğu sosial və humanitar elmlər sahəsində YUNESKO tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər, o cümlədən mədəniyyətlərarası dialoq, sosial innovasiyalar, süni zəka və idman fəaliyyəti kimi bir sıra istiqamətlər barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.