Prezident: İlin sonunadək Aİ-yə üzv olan daha çox ölkənin Azərbaycandan təbii qaz alacağını gözləyirik

Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir.

Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır.

“Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.