Azərbaycandakı dini konfessiya rəhbərləri İsveçdə Quranın yandırılması ilə əlaqədar bəyanat yayıblar

İyunun 28-də İsveçin paytaxtı Stokholmda müsəlmanların müqəddəs kitabı “Qurani-Kərimi”n təhqir olunaraq yandırılması ilə əlaqədar Azərbaycandakı dini konfessiyaların rəhbərləri birgə bəyanat qəbul ediblər.

Bəyanatda Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudi, katolik və alban-udi konfessiyalarının rəhbərləri iyunun 28-də İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında polisin himayəsi ilə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”in təhqir olunaraq yandırılmasını islamofobiya təxribatı və vəhşi vandalizm aktı kimi qiymətləndirib, bu iyrənc hadisəni qətiyyətlə pisləyiblər.

Qeyd edilib ki, İslam Peyğəmbərinin karikaturalarla təhqir olunması və bu əməllərin dövlət başçısı tərəfindən açıq surətdə dəstəklənməsi kimi görünməmiş islamofobiya təzahürləri özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransadan başlayıb. Müstəmləkəçilik ideyalarının pərəstişkarı olan Fransa bu gün də islamofobiya xislətinə sadiq qalaraq Azərbaycanda aqressiv separatizmi dəstəkləyir, bölgədə sülhə nail olunmasına maneə yaradır. Məhz Fransanın çirkin nümunəsindən ruhlanan bir sıra əqidəsiz şəxslərin hərəkətləri birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayət kimi inanclı insanlar tərəfindən qınanıb.

“İyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşünün açılışında Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır... Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”. Biz bu fikirləri, həmçinin Qoşulmama Hərəkatının qəbul etdiyi qərar və qətnamələri dəstəkləyirik. Eyni zamanda, Roma Papası Fransisk və Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyibin imzaladıqları “İnsani Qardaşlıq, Dünyada Sülh və Birgə Yaşayış” Birgə Sənədini alqışlayır, BMT Təhlükəsizlik Şurasının 2686 saylı qətnaməsini təqdir edirik”, - deyə bəyanatda vurğulanıb.

Konfessiya rəhbərləri bəyan ediblər ki, artıq dəfələrlə törədilən və bu gün də törədilməkdə olan belə alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, insanlar və dinlər arasında nifrəti qızışdırmaq, dolayısı ilə terroru təşviq etməkdir. Belə halların İsveçdə mütəmadi səciyyə daşıması bu ölkədə yaşayan inanclı müsəlmanların hüquqlarının kobud şəkildə pozulması, iki milyarda yaxın müsəlmanının heysiyyətinə toxunulması deməkdir. Onlar İsveç hökumətinə müraciət edərək, iyunun 28-də baş verən hadisənin törədilməsində günahkar olaraq məsuliyyət daşıdığını qəbul etməyə, dini dəyərlərin və atributların təhqir edilməsinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün əməli addımlar atmağa çağırıblar.

Qeyd olunub ki, dini zəmində qarşıdurmaya təşviq edən belə çağırışlar, təcavüz və zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir.

“İctimaiyyət xadimlərini, beynəlxalq təşkilatları və din xadimlərini və qurumlarını törədilən əməli qətiyyətlə qınamağa və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə hörmət etməyə və təhqir hallarının baş verməməsi üçün daha ciddi səy göstərməyə çağırırıq. Bu məqsədlə BMT səviyyəsində dinlərin müqəddəs şəxslərinə, rəmzlərinə, atributlarına və məkanlarına qarşı vandalizm hallarını və nifrət nitqlərini qətiyyətlə pisləyən qətnamənin qəbul edilməsini, dünya dövlətlərinin öz qanunvericiliyində bu kimi əməllərə yol verilməməsi haqqında müvafiq müddəaların əks etdirilməsini məqsədəuyğun sayırıq”, - deyə dini icma rəhbərləri bildiriblər.

Bir daha vurğulanıb ki, söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək üçün olmalıdır.

Onlar dünyanın dövlət və ictimaiyyət xadimlərini, beynəlxalq və dini təşkilatları səslərinə səs verməyə çağırıblar.

Sənədi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar.