Bakı Slavyan Universitetində keçirilən dəyirmi masada elmi nəşrlərin keyfiyyətinin artırılması yollarından danışılıb
Bakı Slavyan Universitetində (BSU) “Elm günü” nə həsr olunan “İnterdisiplinar tədqiqatlar, elmi nəşrlər və akademik nəşriyyatların ali təhsil müəssisələrində elmi nəticələrinin qlobal görünürlüyünün artırılmasında rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov da iştirak edib.
Dəyirmi masanı giriş nitqi ilə BSU-nun rektoru Anar Nağıyev açaraq müasir dövrdə elmin kommersiyalaşması məsələsinin aktuallığını vurğulayıb, xüsusilə humanitar və sosial elmlər sahəsində bu istiqamətin perspektivlərini diqqətə çatdırıb. Bildirib ki, bu prosesin uğurla həyata keçirilməsi üçün akademik mühit, universitetlər, biznes sektoru və digər tərəflər arasında ortaq yanaşmanın formalaşdırılması vacibdir. Rektor vurğulayıb ki, aparılan müzakirələrin əsas məqsədi mövcud elmi potensialı düzgün dəyərləndirmək, beynəlxalq təcrübəni nəzərə almaq və xüsusilə humanitar elmlər sahəsində gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.
Tədbirdə çıxış edən AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov dəyirmi masanın olduqca aktual mövzuya həsr olunduğunu, rəhbərlik etdiyi müəssisənin bu sahədə mühüm yeniliyə imza atdığını söyləyib. Qeyd edib ki, 2025-ci ildə “Elm” nəşriyyatının bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 52) təsis edilib. AZSTAND/TK 52-nin tərkibinə ali təhsil müəssisələrinin, elmi-təqdiqat institutlarının, nəşriyyat və mətbuat nümayəndələri daxil edilib.
Səbuhi Qəhrəmanov diqqətə çatdırıb ki, Texniki Komitə tərəfindən bir neçə dövlət standartı, o cümlədən “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” standartı qəbul olunub. “Elm” nəşriyyatının direktoru vurğulayıb ki, AZS ISO 3297:2025 standartının milli standart kimi qəbul edilməsi Azərbaycan nəşrlərinin beynəlxalq informasiya məkanında tanınmasını artırır, eyni zamanda nəşriyyat və kitabxana praktikası üçün vahid normativ yanaşma formalaşdırır. O bildirib ki, bu standartın qəbulu Azərbaycan elminin, kitabxana-informasiya və nəşriyyat sahəsinin beynəlxalq standartlaşdırma sistemlərinə uyğunlaşdırılması istiqamətində mühüm addım olmaqla, elmi nəşrlərin keyfiyyətinin və institusional idarəetmə mədəniyyətinin yüksəldilməsinə töhfə verir.
“Elm” nəşriyyatının bu sahədə yüksək beynəlxalq əlaqələrə malik olduğunu deyən Səbuhi Qəhrəmanov Nəşr Etikası Komitəsinin (COPE) beynəlxalq forumunda, Crossref (“Crossref Publishers International Linking Association, Inc.”) təşkilatının illik toplantısında və Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE) tədbirlərində akademik nəşriyyat redaktorluğu, elmi tədqiqatların səmərəliliyinin artırılması, müəlliflər və məqalələr üçün etik normalar və digər mövzularda geniş müzakirələrdə iştirak etdiyini söyləyib.
Dəyirmi masada, o cümlədən Polşa Respublikasının Adam Marşalek Nəşriyyat Evinin təsisçisi Adam Marşalek, nəşriyyat evinin direktoru professor Yoanna Marşalek-Kava çıxışları zamanı nəşriyyatın imkanları, qarşıya qoyulan hədəflər, tələblər və həyata keçirilən layihələr barədə geniş məlumat veriblər.
Tədbirdə, həmçinin Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov, “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) sədri Şəmil Sadıq, UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşı Əhməd Əhmədzadə, Azərbaycan İdman Akademiyasının (AİA) Tədris işləri üzrə prorektoru Ülkər Babayeva və SEFT Consulting-in direktoru İlkin Nəzərov çıxış edərək bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb, plagiatın müəyyənləşdirilməsi sahəsində atılacaq addımlar, eləcə də nəşriyyat evləri ilə universitetlər arasında səmərəli və düzgün əlaqələrin qurulması məsələləri ətrafında müzakirələr aparıblar.

