Azərbaycan Şotokan Karatedo Federasiyasının 31-ci Ölkə Çempionatı və Birinciliyi keçirilib

Yarışda ölkəmizin 25 regionundan 200-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb

8 iyul 2023-cü il tarixində Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyaları Assosiasiyası (AKFA) və Azərbaycan Şotokan Karatedo Federasiyasının birgə təşkilatçılığı ilə Şotokan Karatedo üzrə 31-ci Ölkə Çempionatı və Birinciliyi baş tutub.

Azərbaycan Şotokan Karatedo Federasiyasının prezidenti Elçin Mehdizadə rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə keçirilən bu mötəbər yarış barədə verdiyi açıqlamada bildirib ki, ölkəmizdə idmanın inkişafı üçün dövlətimizin qayğı və dəstəyi sayəsində karatedo idman növü üzrə yetişən idmançılar son illərdə ölkəmizi bütün dünyada layiqli şəkildə təmsil edirlər: “Növbəti ölkə çempionatının keçirilməsində də əsas məqsəd şotokan karatedo idman növü üzrə müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Dünya və Avropa çempionatlarında iştirak etmək üçün ölkəmizin şotokan karatedo yığma komandasının yeni tərkibinin müəyyənləşdirilməsidir”.

Azərbaycan Şotokan Karatedo Federasiyasının kişilərdən ibarət yığma komandasının baş məşqçisi Əbülfət Qarayevin verdiyi məlumata görə, budəfəki respublika çempionatında 46 kateqoriya üzrə kumite, 10 kateqoriya üzrə kata yarışlarında ölkəmizin 25 regionundan 200-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb: “Nəticədə qeyd edilən kateqoriyalar üzrə ölkə birinciləri və çempionlar müəyyənləşib. Ümid edir ki, əvvəlki illərdə olduğu kimi, bu çempionatda da seçilən gənc idmançılar yığma komandamızın tərkibində beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə edəcəkələr”.