Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti baş məşqçilərlə görüşüb

Azərbaycan Milli Paralimpiya Komitəsində paralimpiya idman növləri üzrə baş məşqçilərlə görüş olub.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

İclasda komitənin prezidenti Hidayət Abdullayev, paralimpiya idman növləri üzrə baş məşqçilər və Komitə əməkdaşları iştirak ediblər.

Hidayət Abdullayev milli komandaların hazırkı fiziki və psixoloji hazırlığı, maddi-texniki bazasının vəziyyəti ilə maraqlanıb. Komitə prezidenti “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına hazırlıq prosesinə diqqət çəkib. Qeyd olunub ki, bir ildən sonra keçiriləcək Oyunlarda iştirak üçün vacib olan reytinq xallarını qazanmaq məqsədilə milli komandalar qarşıdan gələn yarışlara ciddi şəkildə hazırlaşmalıdırlar.

Görüşdə XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Komitə prezidenti avqustda keçiriləcək Avropa Paralimpiya çempionatları və IBSA Dünya Oyunlarında iştirak edəcək idmançıların hazırlığı ilə maraqlanıb, komandalara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.

Söhbət zamanı yeni idmançıların, o cümlədən müharibə əlillərinin Paralimpiya idman növlərinə cəlb edilməsi, həmçinin regionlarda fəaliyyətin gücləndirilməsinin vacibliyi baş məşqçilərin diqqətinə çatdırılıb.

Sonda komandaların fiziki və psixoloji durumu, eləcə də digər mühüm məsələlərlə bağlı müzakirələr aparılıb.