Qadınlar arasında futbol üzrə dünya çempionatı bu gün Fransada start götürəcək

Bu gün Fransada qadınlar arasında futbol üzrə səkkizinci dünya çempionatı start götürəcək. Turnirdə 24 yığma komanda iştirak edəcək.

Dünya birinciliyinin “A” qrupunda ev sahibləri ilə birgə Cənubi Koreya, Norveç və Nigeriya komandaları çıxış edəcəklər. Almaniya, Çin, İspaniya və CAR yığmaları “B” dördlüyündə, Avstraliya, Braziliya, İtaliya və Yamaykadan olan kollektivlər isə “C” qrupunda mübarizə aparacaqlar. İngiltərəli, şotlandiyalı, argentinalı və yaponiyalı futbolçular “D” qrupunda oynayacaqlar. “E” qrupuna Kanada, Kamerun, Yeni Zelandiya və Niderland, “F” qrupuna isə ABŞ, Tailand, Çili və İsveç yığmaları daxildir.

TASS agentliyi xəbər verir ki, turnirin açılış matçında fransızlar koreyalılarla görüşəcək. Oyun Parisin “Park de Prens” stadionunda keçiriləcək. Dünya çempionatının finalı iyulun 7-də Lionda “Stad de Lümyer” arenasında təşkil ediləcək. Turnirin oyunlarını, həmçinin Qrenobl, Monpelye, Havr, Nitsa, Valansyen, Ren və Reymsdə yerləşən stadionlar qəbul edəcək.

Turnirdə hazırda ən titullu qadın futbolçulardan biri olan Marta iştirak edəcək. O, FIFA versiyasına görə qadınlar arasında ilin ən yaxşı oyunçusu adına 6 dəfə layiq görülüb. 2002-ci ildən milli komandanın heyətində çıxış edən 33 yaşlı braziliyalının hesabında 100-dən artıq qol var. O, Braziliya yığmasında keçirdiyi matçlarda Olimpiya Oyunlarının iki gümüş medalına (2004, 2008) layiq görülüb, həmçinin 2007-ci il dünya çempionatında ikinci olub.

FIFA 2018-ci ildən başlayaraq ilin yekunlarına görə ən yaxşı qadın futbolçuya “Qızıl top” mükafatını təqdim edir. Bu mükafatın ilk sahibi norveçli Ada Heqerberq olub. Lakin Norveç Futbol Assosiasiyası ilə Heqerberq arasında yaranmış münaqişə səbəbindən bu futbolçu ölkəni milli yığmada təmsil etmir.

Dünya çempionatı oyunlarında ilk dəfə olaraq hakimə videoyardım sistemindən (“VAR”) istifadə olunacaq. Testləşdirilmələri 2016-cı ildə qəbul edilən bu sistem tədricən dünya futbolunun ayrılmaz hissəsinə çevrilir. Rusiyada keçirilən Konfederasiyalar Kubokunda (2017) və dünya çempionatında (2018) istifadə edilmiş “VAR” sistemi ötən mövsümdə Çempionlar Liqasının “play-off” mərhələsində də tətbiq olunub. Oyunun gedişində mübahisəli epizoda yenidən baxmaq üçün hakim matçı saxlaya və assistentlərlə əlaqə qura bilər. Epizodun təkrarına, həmçinin baş hakimin özünün də baxmaq hüququ var.

Qadınlar arasında futbol üzrə dünya çempionatı dörd ildən bir keçirilir. Turnir iki dəfə Çin və ABŞ-da, habelə İsveç, Almaniya, Kanada və Fransada təşkil edilib. ABŞ komandası ən titullu yığma və hazırkı çempiondur, onun hesabında üç qələbə var. Almaniya futbolçuları iki dəfə, norveçli və yapon qadınlar isə hərəyə bir dəfə dünya birinciliyinin mükafatına sahib olublar.