İnvestisiya layihələrinin maliyyələşdirilməsi üçün 5 milyard ABŞ dollarınadək xarici borc cəlb edilə bilər - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığını təmin etmək məqsədilə 2025-ci ilin sonunadək dövlət borcunun (birbaşa daxili və birbaşa xarici dövlət borcu) ÜDM-ə nisbətinin 30 faizdən aşağı səviyyədə saxlanılması hədəflənir. İndiyə qədər bu tələb 20%-dən aşağı səviyyə idi.
Həmçinin, sərəncama əsasən, xarici borcun (birbaşa xarici dövlət borcu) ÜDM-ə nisbəti 2025-ci ilin sonunadək 10,0 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. İndoyə qədər bu tələb 15, 0% (2025-ci ilin sonunafək) idi.
Xarici dövlət borcunun 2025-ci ilin sonunadək 10,0 milyard ABŞ dollarını üstələməməsi prioritet tədbir 2 kimi müəyyən edilib. Xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün 5 milyard ABŞ dollarınadək xarici borc cəlb edilə bilər. Xarici dövlət borcu üzrə yuxarı həddi təşkil edən həmin borcun ÜDM-ə nisbəti göstəricisi, xarici dövlət borcunun nominal ifadədə təsbit olunan yuxarı hədd göstəricisi ilə əvəz olunur.
Xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 10,7 faizi həcmində olması gözlənilir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün xarici borc cəlb ediləcəyindən, bu göstəricilər dəyişə bilər.
İndiyə qədər xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 10,7 faizi həcmində olması gözlənilirdi. Belə olan halda, 2025-ci ilin sonunadək xarici dövlət borcunun ÜDM nisbətinin 15%-dən aşağı səviyyədə saxlanılması təmin ediləcəkdi. Xarici dövlət borcunun ÜDM-ə nisbətinin 10%-dən aşağı salınması hədəfinin isə 2025–2030-cu illəri əhatə edəcək növbəti strategiya çərçivəsində təmin edilməsi nəzərdə tutulurdu.

