Şərur rayonunun Ələkli kəndində “Şəhidlər” məscidi tikilir – Prezident anım yürüşündə bu kəndin şəhidinin fotosunu daşımışdı (VİDEO)

İkinci Qarabağ Müharibəsində Azərbaycanın ən çox şəhid verən kəndlərindən birində - Şərur rayonunun Ələkli kəndində yerli sakinlərin təşəbbüsü və vəsaiti hesabına “Şəhidlər” məscidi tikilir.

Avqustun 5-də bu münasibətlə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə Milli Məclisin deputatı Sadiq Qurbanov, Bakıda fəaliyyət göstərən Ələkli Kənd Cəmiyyətinin üzvləri və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov iştirak ediblər. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində Muxtar Respublikanın hər yerindən olduğu kimi, Ələkli kəndinin də mərd oğulları iştirak edib, şücaət göstəriblər. Mayor İlkin Rzayev, baş leytenant Adil İbrahimli, leytenant Elton Qənbərli, leytenant Rauf Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sərxan Salahov zəfərimiz uğrunda mətnliklə döyüşüb, ən ali zirvəyə - şəhidlik zirvəsinə ucalıblar. Bu gün onların xatirəsi əziz tutulur, igid vətən oğullarının keçdiyi döyüş yolu gənc nəslə təbliğ edilir.

Tədbirdə şəhid valideynləri və ziyalılar da 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib, öz xatirələrini bölüşüblər.

Sonra Qurani Kərimdən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib. Ardınca şəhid valideynlərinin iştirakı ilə “Şəhidlər” məscidinin təməli qoyulub.

Qeyd edək ki, məscidin ümumi sahəsi 170 kvadrat metrdir. Burada kişilər üçün 70, qadınlar üçün 30 nəfərlik zallar nəzərdə tutulub.

Məscidin tikintisi üçün ilkin mərhələdə 50 min manat vəsait ayrılıb. 

Onu da xatırladaq ki, 27 sentyabr 2021-ci ildə Bakıda Azadlıq meydanında keçirilən Anım Günü yürüşündə Prezident İlham Əliyev Ələkli kəndindin şəhidi baş leytenant Adil Asim oğlu İbrahimlinin fotosunu daşımışdı.

“AzPolitika.info”