“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılacaq - SƏRƏNCAM

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada turizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu (bundan sonra – Qoruq) elan edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti beş ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət Turizm Agentliyi qoruğun idarə olunmasını təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidi, q1oruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməlidir.

Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanan və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçən 200 kilometrdən artıq köç yolu yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatlarının istifadə etdiyi əhəmiyyətli yol olmuşdur. Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin köç yolu üzərində yüksək tarixi-mədəni dəyərə malik çox sayda abidəyə rast gəlinir. Bu yolun Azərbaycanın mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri vardır.