Vladimir Putin: Türkiyə beynəlxalq nüvə dövlətləri klubunun tamhüquqlu üzvüdür
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Soçidə keçirilən görüşündə Türkiyədə inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) gələn il istifadəyə veriləcəyini bildirib.
Rusiya Prezidenti “Akkuyu” AES-in tikintisi ilə Türkiyənin beynəlxalq nüvə dövlətləri klubunun tamhüquqlu üzvünə çevrildiyini deyib. V.Putin, həmçinin Türkiyədə qaz qovşağının yaradılmasına dair razılaşmanın tezliklə əldə ediləcəyinə ümid bəslədiyini vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə taxıl sazişinin yerinə yetirilməsi istiqamətində mühüm razılıq əldə ediləcəyinə əminliyini bildirib. “Akkuyu” AES-in inşasının plan üzrə getdiyini deyən Türkiyə Prezidenti iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdığını vurğulayıb.
Tərəflər danışıqları geniş tərkibdə davam etdirirlər.
Sonra iki prezident arasında təkbətək görüş olacaq.//AZƏRTAC