İsrail ordusu Qəzza zolağı ilə sərhədyanı ərazini terrorçulardan azad etməyə başladı
İsrailin “Sanxanim” 35-ci hava-desant briqadası Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşən yaşayış bölgələrini, o cümlədən Sderot şəhərini terrorçulardan təmizləyir.
Bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyatda briqada komandiri polkovnik Ami Biton, onun müavini polkovnik-leytenant Qidi Eliast və 890-cı “Efe” paraşüt-desant taborunun komandiri polkovnik-leytenant Dor Menşaiuf da birbaşa iştirak edir.
Məlumata görə, sərhədyanı ərazilərin terrorçulardan azad edilməsinə ehtiyatda olan 98-ci “A-Eş” hava-desant diviziyasının döyüşçüləri də cəlb olunub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.//Trend