Azərbaycan Güləş Federasiyasının məşqçilər üçün təşkil etdiyi ümumrespublika seminarı başa çatıb

Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarına yekun vurulub. Gəncədə startı verilən seminar bu gün Naxçıvanda başa çatıb.

Federasiyadan verilən məlumata görə, 40-a yaxın məşqçi-müəllimin iştirak etdiyi tədbirin nəzəri hissəsində muxtar respublikanın Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Naxçıvan Güləş Federasiyasının sədri Faiq İsgəndərov çıxış ediblər. Onlar muxtar respublikada bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər görüldüyünü və bu seminarın da böyük faydasının olacağını bildiriblər.

Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Qərib Əliyev veteranlar arasında dünya çempionatlarının 7 qat medalçısı Rövşən İsmayılxanlını 60 yaşı tamam olması münasibətilə təbrik edib və federasiyanın xatirə hədiyyəsini yubilyara təqdim edib.

Sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Rövşən Hacıyev, l-S kateqoriyalı hakim Sədi Quliyev məşqçiliklə bağlı nəzəri biliklərini diqqətə çatdırıblar və müxtəlif sualları cavablandırıblar. Qərib Əliyev isə öz növbəsində müxtəlif güləş qarşılaşmalarının videoicmalının nümayişi fonunda fəndləri qiymətləndirib, epizodları şərh edib.

Seminarın praktiki hissəsində Rövşən Hacıyev fəndlərin icrasının incəliklərini, Sədi Quliyev isə xalçadançıxma, parter və digər vəziyyətlərdə verilən xalları vurğulayıb.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.