Azərbaycanın üç boksçusu Avropa çempionatında mərhələ adlayıb

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən  verilən məlumata görə, yarışın ikinci günündə milli komandanın daha 3 idmançısı qələbə qazanıb.

Avropa çempionu Nicat Hüseynov (51 kiloqram) ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb və rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares Al-Assi ilə döyüşəcək. Görüş noyabrın 16-da olacaq.

Avropa çempionatının finalçısı Ruslan Qədirov (54 kiloqram) də mərhələ adlayıb. O, 1/8 finalda Tommaso Skiaccanı (İtaliya) 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub edib. Qədirov noyabrın 16-da baş tutacaq 1/4 finalda türkiyəli Kaya Canla qüvvəsini sınayacaq.

60 kiloqramda Maqsud Xasmetov Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbə qazanıb. O, noyabrın 14-də 1/8 finalda irlandiyalı Kallum Ovenslə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə çıxacaq.