Milli komanda ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokuna yekun vurulub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, milli komanda ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kiloqram) yeniyetmələr, Aynur Mikayılova (54 kiloqram) və Emili Rzayeva (63 kiloqram) gənclər arasında qalib adına yiyələnib. Onlar finalda müvafiq olaraq, Ema Andjela Zaja (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya) məğlub ediblər.

Böyüklərin yarışında Aynur Rzayeva (81 kiloqram) həlledici görüşdə xorvatiyalı Lusiya Bilobrka uduzaraq ikinci yeri tutub.

Digər boksçulardan Marjona Savriyeva (50 kiloqram), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kiloqram) və Şəhla Allahverdiyeva (66 kiloqram) bürünc medala sahib olublar.

Yığma bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.

Qeyd edək ki, Millətlər Kubokunda 10 ölkədən 102 boksçu mübarizə aparıb.