Bu il Şuşada İslam Dünyasının Mədəniyyət Forumu təşkil ediləcək
Bu il Şuşada İslam Dünyasının Mədəniyyət Forumu təşkil ediləcək.
Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, bu çərçivədə 2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə aşağıdakı işlərin görülməsi tapşırılıb:
- Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi;
- “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;
- “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat mərasiminin təşkili;
- “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatı;
- Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili.