ATƏT müşahidəçiləri Saatlıda seçkiyə hazırlıq prosesi ilə tanış olub

66 saylı Saatlı seçki dairəsi üzrə qeydiyyatda olan 50 min 616 seçici 50 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək. Seçici siyahıları üzrə dəqiqləşdirmələr davam edir, bu baxımdan, seçici sayında artımın olacağı gözlənilir.

Bunu secki-2024.az saytına açıqlamasında Dairə Seçki Komissiyasının sədri Arif Əliyev deyib.

DSK sədri qeyd edib ki, seçkilərə hazırlıq prosesi qanunvericilik çərçivəsində davam edir:

"7 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Fiziki qüsurlu seçicilərin səsvermə hüququnu təmin etmək məqsədilə 12 seçki dairəsində panduslar qoyulub".

“Dairə üzrə 639 müşahidəçi qeydiyyatdan keçib. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri də dairə üzrə seçkilərə hazırlıq prosesi ilə tanışıb olublar” – A.Əliyev bildirib.

DSK sədri seçki komissiyalarının üzvlərinə maarifləndirici treninqlərin keçirildiyini, seçki prosesi ilə bağlı metodiki məlumatlandırma işinin aparıldığını da diqqətə çatdırıb.