ATƏT/DTİHB-nin müşahidəçiləri Yevgeni Loginov və Lars Niholm dairədə seçkilərə hazırlıq prosesini izləyib

83 saylı Beyləqan seçki dairəsində qeydiyyatda olan 54 562 seçici 59 seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.

Yerveinsan.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında həmin dairə seçki komissiyasının (DSK) sədri Zakir Vəlişov deyib.

DSK sədri bildirib ki, 2 354 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Dairə üzrə yaşı 100-dən çox olan üç nəfər seçici var. Ən yaşlı seçici isə 108 yaşlı Muluxa İsmayılovadır.

Zakir Vəlişov qeyd edib ki, fiziki məhdudiyyətli seçicilərin səsvermə hüququnun təmin edilməsi məqsədilə 26 seçki məntəqəsində panduslar quraşdırılıb: “Seçkilərin şəffaf və demokratik prinsiplərə uyğun təşkil edilməsi üçün müvafiq işlər görülür. Bütün seçki məntəqələrində təşviqat lövhələri qoyulub. Təşviqat materiallarının xüsusi mühafizəsi təşkil edilib. 7 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. Dairə üzrə 719 müşahidəçi qeydiyyatdan keçib”.

DSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) iki müşahidəçisi - Yevgeni Loginov və Lars Niholm dairədə seçkilərə hazırlıq prosesini izləyib.