Mədəniyyət naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Ələkbərov və Tural Abdullazadə ilə mentorluq proqramı çərçivəsində ilk görüşünü keçirib.

Müsabiqənin İşçi qrupundan  bildirilib ki, nazir qalibləri təbrik edib, onlara gələcək karyera inkişaflarında uğurlar arzulayıb. Mədəniyyət naziri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək onlarla təcrübəsini bölüşəcəyini və qaliblərin potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini diqqətə çatdırıb.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Adil Kərimliyə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu vurğulayıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti - sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.