Azərbaycan taekvondoçuları Türkiyə açıq çempionatında mübarizə aparacaqlar
Taekvondo üzrə Azərbaycan yığmaları fevralın 9-da Antalya şəhərində start götürəcək Türkiyə açıq çempionatında iştirak edəcək.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) verilən məlumata görə, 5 gün davam edəcək yarışda böyüklərin və yeniyetmələrin mübarizəsində yığmanın ümumilikdə 29 üzvü qüvvəsini sınayacaq.
Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev qardaş ölkədə Cavad Ağayev (74 kiloqram) və Milad Beigi Harçeqaniyə (+87 kiloqram) şans verəcək.
Qadınlardan ibarət yığmanın çalışdırıcısı Sun Mi Park yarışda Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə, Səmərrux Osmanova (hamısı 49 kiloqram), Səidə Əliyeva (57 kiloqram) və Fatimə Məcidovanı (67 kiloqram) sınayacaq.
Əsas komanda dayanq üzərinə fevralın 13-14-də çıxacaq.
Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərov isə çempionatda Hüseyn Abbaslı (148 santimetr), Murad Canəliyev (152 santimetr), Əli Həsənzadə, Səid Feyzullayev (hər ikisi 156 santimetr), Anar Abdullazadə (160 santimetr), Rasif Hacıyev (164 santimetr), Novruz Əliyev, Əmirabbas Fəzlişahgoli (hər ikisi 168 santimetr), Çingiz Həsənov (172 santimetr), Sərxan Talıbzadə (176 santimetr), Zeynəb Səfərəliyeva (144 santimetr), Fatimə Zeynalova, Ruqayyə Əliyeva (hər ikisi 148 santimetr), Məryəm Cəfərova, İnci Muradova (hər ikisi 152 santimetr), Ləman Manafova, Fatimə İbişova (hər ikisi 156 santimetr), Gülnar Rəsulzadə, Gülay Əliyeva (hər ikisi 160 santimetr), Türkan Yuniszadə (164 santimetr) və Gülnaz Abdullayevanı (168 santimetr) yoxlayacaq. Bu yaş qrupu fevralın 9-10-da qüvvəsini sınayacaq.
ATF-in baş hakimi Gündüz Abdullayev, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva və Etibar İbrahimov isə yarışda ədaləti qoruyacaqlar. Komandaya federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Qeyd edək ki, yeniyetmələrdən ibarət yığma sözügedən şəhərə bu gün, böyüklər isə fevralın 12-də yollanacaqlar.