İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir

Seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində İlham Əliyev 92,12 faiz səslə liderdir.

Yerveinsan.az Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, səsvermənin keçirildiyi 6537 məntəqədən daxil olan məlumatlara əsasən, namizədlərin topladığı səs faizi aşağıdakı kimidir:

- İlham Əliyev – 92,12 faiz (4577693 səs);

- Zahid Oruc - 2,17 faiz; (107877 səs)

- Fazil Mustafa - 1,98 faiz; (98623 səs)

- Qüdrət Həsənquliyev - 1,72 faiz; (85607 səs)

- Razi Nurullayev - 0,80 faiz; (39727 səs)

- Elşad Musayev - 0,66 faiz; (32956 səs)

- Fuad Əliyev - 0,53 faiz; (26561).

Qeyd edək ki, daha öncə seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə lider idi.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Orucun səslərin 2,19 %-ni, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin 0,8%-ni, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın 2 %-ni, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin 0,67%-ni, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin 1,76%-ni və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin isə səslərin 0,53 %-ni topladığı açıqlanmışdı.

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan etmişdi. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirmişdi ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan etmişdi. Mərkəzin məlumatında bildirilmişdi ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizinin İlham Əliyevə səs verdiyini açıqlamışdı.

Xatırladaq ki, 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.