AZƏR ŞÜKÜROV - 60

Ölkəmizdə dağ-mədən sənayesinin inkişafında xüsusi xidmətləri olan gözəl insan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyəti sədrinin müavini Azər Məcid oğlu Şükürovun anadan olmasının 60 ili tamam olur. Azər müəllim olduqca maraqlı bir həyat yolu keçmişdir.

O, 1963-cü ilin noyabr ayının 4-də Laçın rayonunun Bülövlük kəndində anadan olmuşdur. 1980-ci ildə rayonun Hacıxanlı kənd orta məktəbini bitirmişdir. 1981-1983-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1984-cü ilin 9 yanvarından keçmiş Ümumittifaq “Soyuzkvarssamosvetı” İstehsalat Birliyinin Azərbaycan geoloji-axtarış partiyasında dağ qazmaçısı kimi başlamışdır. Yenicə başladığı işin maraqlı olması və doğma Laçının zəngin yeraltı sərvətləri tezliklə bu gəncdə geologiyaya, mədənçiliyə böyük həvəs yaratdı.
Bu arzu ilə o 1985-ci ildə Laçın dağlarından enərək paytaxt Bakıya üz tutdu və Azərbaycan Neft və Kimya İnstitutunda intahan verərək Moskvadakı məşhur Dağ-mədən İnstitutuna qəbul olundu. 1990-cı ildə oranı bitirərək kamil dağ-mədən mühəndisi kimi vətənə qayıtdı. Yenidən Laçında əmək fəaliyyətinə başladı. Lakin həmin dövrdə erməni daşnaklarının Sovet rəhbərliyindəki və xaricdəki havadarlarının dəstəyi ilə başladıqları - bir qədər sonra iki ölkə arasında müharibəyə çevriləcək hərəkat onu illər boyu arzuladığı işi davam etdirməyə mane oldu. Bir müddət sonra isə Laçın erməni daşnakları tərəfindən işğal olundu. Bu ağır mənəvi yara - ata-baba yurdunun işğalı ona dərin təsir etdi; elə bu səbəbdən də xeyli müddət müxtəlif sahələrdə çalışmalı oldu. Nəhayət, 2009-cu ildə dağ-mədən sektorunda fəaliyyət göstərən “Azinterpartlayış-X” MMC-ni təsis etdi və 2020-ci ilədək onun direktoru oldu.
A.Şükürovun Azərbaycanda dağ-mədən sektorunun inkişaf etdirilməsində məxsusi xidmətləri olmuşdur. Belə ki, onun rəhbəri olduğu “Azinterpartlayış-X” MMC dünya bazarında partlayış materiallarının istehsalı sənayesində çox böyük yer tutan və nəhəng təcrübəyə malik olan Avstraliyanın “Orica” şirkətini seçdi və 2010-cu ildən onun Azərbaycanda rəsmi distribüteri oldu. Qeyd edək ki, Avstraliyanın “Orica” Transmilli Korporasiyası dünyanın ən böyük partlayıcı maddə istehsalçısı olan şirkət kimi 50-dən artıq ölkədə əməliyyat fəaliyyəti göstərir. 130 il əvvəl yaradılmış şirkətin hazırda dünyanın bir çox yerlərində 15 mindən artıq işçisi çalışır.
Azər müəllimin bilavasitə əməyi sayəsində dağ-mədən sektorunda qazma-partlayış işlərinin aparılmasında istifadə olunan yeni nəsil texnika və texnologiyaların ölkəmizə gətirilməsi məhz “Azinterpartlayış-X” MMC-yə nəsib olmuşdur.
“Azinterpartlayış-X” MMC yarandığı vaxtdan dağ-mədən sektorunun inkişaf etdirilməsinə xidmət etməkdədir. Gədəbəy qızıl–mis mədənində, Daşkəsən-Çovdar qızıl mədənində, Daşkəsən dəmir filizi yatağında, Şəmkirçay üzərində inşa edilən su anbarında, "AAC" Müasir Tikinti Materialları Zavodunun, “Akkord” Sement Zavodunun və “Norm” Sement Zavodunun mineral-xammalla təchiz olunmasında müstəsna xidmətləri olmuşdur.
Azər müəllim 2020-ci ilin oktyabrın 16-dan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
O, 2021-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində “Dağ yamaclarında yerləşən yataqlarda kütləvi partlayışın texnoloji parametrlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya müdafiə etmiş və texniki elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Azər müəllim həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi kimi gənc kadrların yetişdirilməsində yaxından iştirak edir.


Ölkəmizdə təbiət elmləri; geologiya, ekologiya, mədənçilik və digər sahələr barədə elmi-populyar yazılar verməklə maarifləndirmə işləri aparmaq məqsədilə 2013-cü ildən indiyədək çap olunan “Yer və İnsan” jurnalının təsisçisi və baş redaktorudur.
İllər insanın sərvətidir deyirlər, yaş isə postamentdir. Yalnız vicdanlı qaliblər onun üzərində dayana bilir ... Və 60 il yaxşı əməllərin, ağılın, dürüstlüyün, vicdanın, əyləncəli günlərin, dostların, sərgüzəştlərin və yaradıcı uğurların məcmusudur.
Yaşla bağlı görkəmli Amerika alimi Jozef Merfinin gözəl sözləri vardır:
1. Çox yaş həyatın qürub çağı deyil, hikmətin çiçəklənmə dövrüdür.
2. Həyatın ən məhsuldar illəri 65-dən 95 yaşa qədər ola bilər.
3. Öz illərinizə hörmətlə yanaşın. Çünki onlar həyatınızın sonsuz yolunda sizi daha yüksəklərə qalxmağa sövq edir.
Azər müəllimə həyatın hər dəqiqəsindən ləyaqətlə zövq almağı, müdrikliyi və öz təcrübəsini sonrakı nəsillərə ötürməyi, öz gücünə inanmağı, xəyal qurmağı dayandırmamağı arzulayırıq.
Yaş yalnız bir rəqəmdir, vacib olan qəlbən hansı yaşda olmağı hiss etməkdir.
Azər müəllimə özünü uzun illər gənc və güclü hiss etməyini, ən çılğın nailiyyətlərə qadir olmağı diləyirik! Qoy sağlamlıq və şans onu müşayiət etsin, çünki qalan hər şey tükənməz enerji, parlaq ağıl və sarsılmaz iradədən asılıdır.
“Azərbaycan Geologiyası” MMC, “Azinterpartlayış -X” MMC və “Yer və insan” jurnalının kollektivi adından Azər müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və ona gələcək fəaliyyətində uğurlar diləyirik!

Yer və İnsan