Əli Əsədov Numan Kurtulmuşla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.

Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub.