ABŞ səfiri Xocalı soyqırımı ilə bağlı paylaşım edib (FOTO)

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-nin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur", - amerikalı diplomat bildirib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.