Azərbaycanın 9 boksçusu Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək
Boks üzrə Azərbaycan millisi martın 3-də İtaliyanın Busto Arsizio şəhərində start götürəcək I Dünya Olimpiya Təsnifat Turnirində iştirak edəcək.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 9 gün davam edəcək yarışda yığmanın 9 üzvü qüvvəsini sınayacaq.
Milli komandanın heyətində Nicat Hüseynov (51 kiloqram), Ümid Rüstəmov (57 kiloqram), Tayfur Əliyev (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Alfonso Dominges (92 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kiloqram) və Şəhla Abdullayeva (66 kiloqram) yer alacaq.
Turnirdə 114 ölkədən 632 (399 kişi, 233 qadın) boksçunun iştirakı gözlənilir. Kişi idmançıların mübarizəsində 28, qadınlarda 21 nəfər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.
Reqlamentə əsasən, bütün çəki dərəcələrində yarımfinalçılar Fransa paytaxtında iştirak hüququna yiyələnəcəklər. Yalnız qadınlarda 57 kiloqramda finalçılar və 60 kiloqramda ilk 3 yer Olimpiya lisenziyasına sahib olacaq.
Kişilərdən ibarət Azərbaycan millisi fevralın 22-dən İtaliyada təlim-məşq toplanışındadır, qadın boksçular isə Busto Arsizioya sabah yollanacaqlar.
Qeyd edək ki, yığmanın heyətində artıq Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024”ə lisenziya qazanıblar.