Ceyhun Bayramov UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri və Milli Komissiya rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.

XİN-dən  verilən xəbərə görə, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.

Ölkəmizin COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib.

Nazir Ceyhun Bayramov ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.