Ərdoğan İran Prezidenti və nümayəndə heyətinin həlak olması ilə bağlı başsağlığı verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib.
Bu barədə Rəcəb Tayyib Ərdoğanın rəsmi "X" hesabında qeyd edilib.
"Helikopter qəzasında həlak olduğunu öyrəndiyimiz dəyərli həmkarım, qardaşım, İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm. İranın xarici işlər naziri və mərhum Rəisi ilə eyni helikopterdə həyatını itirən digər insanlara da Allah rəhmət eləsin. Dost və qardaş İran xalqına və hökumətinə, xüsusilə İran İslam Respublikasının Dini Rəhbəri cənab Əli Xameneiyə, cənab Prezidentin və digər həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Mən onun vəzifədə olduğu müddətdə İran xalqının və regionumuzun sülhü naminə göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Prezidenti hörmət və minnətdarlıqla xatırlayıram.
Biz Türkiyə olaraq, dəfələrlə etdiyimiz kimi, bu çətin və kədərli günlərdə qonşumuz İranın yanında olacağıq",- paylaşımda vurğulanıb.