Səbail və Xəzər rayonlarındakı su hövzələrində aşkarlanmış nöqsanların həlli yolları müzakirə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təşkilatçılığı və Bakı Regional Mərkəzinin iştirakı ilə Bakı şəhərinin Səbail və Xəzər rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirilib.

FHN-in mətbuat xidmətindən bildirilib ki, müşavirələrdə rayon icra hakimiyyətləri və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.

Tədbirlərdə həmin rayonların ərazisindəki su hövzələrindəki monitorinqlərin nəticələri barədə məlumat verilib. Aşkarlamuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.

Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumat veriblər.

Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.