BAKIDAN QARABAĞA SƏYAHƏT
Ağamahmud Səmədov
I hissə – Uşaqlıq arzusu, Qarabağ həsrəti və böyük dönüş
Tale elə gətirmişdi ki, mən Azərbaycanın qədim Şirvan mahalının ürəyi sayılan Şamaxıda dünyaya göz açmış, burada orta təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) mühəndis-geoloq ixtisasına yiyələnmişdim. Ali təhsilimi başa vurduqdan sonra təyinatla dörd il Qazaxıstanda çalışmış, vətənə qayıtdıqdan sonra isə əmək fəaliyyətimi Balakən rayonunun dağlıq ərazilərində yerləşən məşhur Filizçay polimetal yatağında geoloji-kəşfiyyat işlərində davam etdirmişdim.
Peşəm məni Azərbaycanın müxtəlif guşələrinə aparmış, ölkəmizin zəngin təbiətini, insanlarını, adət-ənənələrini yaxından tanımaq imkanı yaratmışdı. Lakin bütün bu illər ərzində qəlbimdə bir arzu yaşayırdı – qədim muğam və sənət yurdu olan Qarabağı görmək, Şuşanın daş küçələrində gəzmək, Cıdır düzündən Qarabağın ecazkar mənzərəsini seyr etmək, Laçının, Kəlbəcərin bənzərsiz təbiəti ilə tanış olmaq.
Düşünürdüm ki, nə vaxtsa münasib bir fürsət yaranacaq və bu arzumu gerçəkləşdirəcəyəm. Təəssüf ki, tarix başqa cür hökm verdi.
Ötən əsrin səksəninci illərinin sonlarından etibarən Qarabağ bölgəsində separatçılıq meyilləri güclənməyə başladı. Məlum olduğu kimi, Qarabağ Azərbaycanın qədim torpaqlarından biri olsa da, 1923-cü ildə keçmiş SSRİ rəhbərliyində təmsil olunan erməni dairələrinin təsiri ilə bölgənin bir hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı.
1988-ci ildən başlayaraq bölgədə gərginlik getdikcə dərinləşdi, azərbaycanlılar və ermənilər arasında qarşıdurma silahlı münaqişəyə çevrildi. Son nəticədə bu proses uzun illər davam edən Qarabağ müharibəsinə gətirib çıxardı.
Müharibə hər iki xalqa ağır itkilər yaşatsa da, Azərbaycan üçün son dərəcə faciəli nəticələr doğurdu. Minlərlə insan həyatını itirdi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onların böyük bir hissəsi Ermənistandan qovulan azərbaycanlılar, qalanları isə işğal edilmiş rayonlardan didərgin düşən insanlar idi.
Həmin illərdə Azərbaycanın əhalisi təxminən səkkiz milyon nəfər idi və hər səkkiz nəfərdən biri qaçqın və ya məcburi köçkün həyatı yaşayırdı. Bu, təkcə ölkəmiz üçün deyil, bütün region üçün böyük humanitar fəlakət hesab olunurdu.
1992-ci ilin şaxtalı fevral gecəsində baş vermiş Xocalı faciəsi isə xalqımızın yaddaşında sağalmaz yara açdı. Dinc əhaliyə qarşı törədilmiş bu qətliam Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birinə çevrildi. Xocalı yalnız böyük insan itkisi ilə deyil, xalqımızın mənəvi yaddaşına vurulan ağır zərbə kimi də tarixdə qaldı.
Sonrakı illərdə Bakıya dəvət olundum və yeni yaradılmış Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışmağa başladım. Xidmət fəaliyyətim məni Azərbaycanın demək olar ki, bütün bölgələrinə apardı. Ölkəmizin təbiətini yaxından tanıdım, müxtəlif bölgələrdə yaşayan insanların həyat tərzi, məişəti, adət-ənənələri ilə tanış oldum.
Azərbaycanın gözəlliklərini gördükcə vətənimə olan sevgim daha da artırdı. Lakin harada olmağımdan asılı olmayaraq, mənimlə birlikdə milyonlarla azərbaycanlının qəlbində bir nisgil yaşayırdı – Qarabağ həsrəti.
Uzun illər bu həsrət hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Qarabağ təkcə işğal edilmiş torpaq deyildi. O, xalqımızın tarixinin, mədəniyyətinin, musiqisinin, poeziyasının və milli yaddaşının mühüm parçası idi.
Nəhayət, zaman öz sözünü dedi.
Azərbaycan xalqının birliyi, dövlətimizin siyasi iradəsi, ordumuzun gücü və şəhidlərimizin qəhrəmanlığı nəticəsində tarixi ədalət bərpa olundu, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi.
Bu gün həmin torpaqlarda genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yeni yaşayış məntəqələri salınır, yollar çəkilir, tunellər və körpülər inşa edilir.
Ən sevindirici hal isə ondan ibarətdir ki, uzun illər məcburi köçkün həyatı yaşamış insanlar doğma torpaqlarına qayıtmağa başlayıblar.
İki il əvvəl mənə bir qrup həmkarımla birlikdə Qarabağın bir hissəsini – Ağdamı və Ağdərəni ziyarət etmək nəsib olmuşdu. Bir vaxtlar Qarabağın ən abad və inkişaf etmiş şəhərlərindən sayılan Ağdamın xarabalıqlarını görəndə dərin sarsıntı keçirmişdim.
Dağıdılmış yaşayış məntəqələri, viran edilmiş evlər, məhv olunmuş infrastrukturlar müharibənin nə qədər ağır izlər buraxdığını açıq şəkildə göstərirdi. Xüsusilə qəbiristanlıqlarda törədilmiş vandalizm aktları insanı sarsıdırdı.
Bütün bunlara baxmayaraq, həmin torpaqlarda həyatın yenidən canlanması, yeni yolların çəkilməsi, yaşayış məntəqələrinin tikilməsi gələcəyə böyük ümid bəxş edirdi.
Bu dəfəki səfərim isə daha geniş marşrutu əhatə edirdi. Qarabağın cənub rayonlarından başlayaraq Laçına, Şuşaya qədər uzanan yol bizi həm tariximizin ağrılı səhifələri ilə üz-üzə gətirəcək, həm də dirçəlişin canlı şahidinə çevirəcəkdi.
Beləliklə, uzun illər qəlbimdə yaşatdığım arzunun həyata keçdiyi gün gəlib çatdı və mən Bakından Qarabağa doğru yola çıxdım...
II hissə – Bakından yola düşərkən. Füzuli və Cəbrayıla doğru
Qarabağa bu dəfəki səfərim mənim üçün sadəcə növbəti ezamiyyət və ya adi bir səyahət deyildi. Bu, uzun illər qəlbimdə yaşatdığım arzunun gerçəkləşməsi, həsrətində olduğum torpaqlarla yenidən qovuşmaq hissi idi.
Səfər yoldaşlarım Azərbaycanda körpü və tunellərin inşasında, hidrotexniki qurğuların tikintisində, mürəkkəb relyefə malik ərazilərdə yolların salınmasında, eləcə də faydalı qazıntı yataqlarının işlənilməsində mühüm xidmətləri olan «Azinterpartlayış-X» MMC-nin əməkdaşları, dəyərli dostlarım – layihələr üzrə menecer Mətləb Quliyev və Ülvi Xankişizadə idi.
Marşrutumuzu elə seçmişdik ki, Qarabağın işğal dövründə böyük dağıntılara məruz qalmış rayonlarını – Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və Laçını yaxından görmək imkanımız olsun.
Bakını arxada qoyub cənub-qərb istiqamətində irəlilədikcə magistral yolun hər iki tərəfində uzanan yaşıllıqlar diqqətimizi cəlb edirdi. Qaradağ rayonundan Salyan istiqamətinə doğru yolboyu salınmış meşə zolaqları ətrafa xüsusi gözəllik bəxş edirdi.
Bu mənzərəni seyr etdikcə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışdığım illər yadıma düşürdü. Nazirliyin yarandığı dövrdən etibarən onun rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma tədbirləri nəticəsində respublikanın bir çox magistral yollarının kənarları, eləcə də Abşeron yarımadasının xeyli hissəsi yeni meşə zolaqları ilə örtülmüşdür. Bu dəyişikliklər ölkəmizin təbii mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Salyan, Biləsuvar, İmişli və Beyləqan rayonlarının ərazilərini keçərək Füzuli rayonuna daxil oluruq. Horadiz qəsəbəsinin yaxınlığından keçərkən yolboyu vaxtilə abad olmuş, lakin işğal illərində viran edilmiş kəndlərin qalıqlarını görürük. Bu mənzərə insanın qəlbində dərin təəssüf hissi yaradır.
Füzuli rayonu Qarabağ müharibəsi zamanı ən çox dağıntıya məruz qalmış ərazilərdən biri olmuşdur. İşğal dövründə yaşayış məntəqələri ilə yanaşı, çoxsaylı tarix və mədəniyyət abidələri, o cümlədən yaşayış məskənləri və kurqan tipli arxeoloji abidələr də ciddi zərər görmüşdür.
Bu gün isə Füzulidə tamamilə fərqli mənzərə hökm sürür. Burada genişmiqyaslı tikinti və quruculuq işləri həyata keçirilir, yeni infrastruktur yaradılır.
Azad edilmiş ərazilərdə tikilən ilk beynəlxalq hava limanı məhz Füzulidə inşa edilmişdir. 2021-ci ilin oktyabr ayında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın əsas nəqliyyat qovşaqlarından birinə çevrilmişdir. Təsadüfi deyil ki, bu hava limanını çox vaxt Qarabağın «hava qapısı» adlandırırlar.
Horadizdən irəlilədikcə Qarabağın düzənlik hissəsindən dağətəyi ərazilərə keçidin necə dəyişdiyini aydın müşahidə etmək mümkündür. Müharibədən sonra aparılan yenidənqurma işləri hər addımda hiss olunur. Yeni yollar, körpülər, yaşayış massivləri və infrastruktur obyektləri bölgənin gələcəyinə olan inamı daha da artırır.
Füzuli Qarabağın cənub qapısı hesab olunur. Burada həm keçmişin ağrı-acıları, həm də gələcəyə ünvanlanan böyük ümidlər bir araya gəlir.
Bir qədər sonra Cəbrayıl rayonunun ərazisinə daxil oluruq. Yolun bir hissəsi Araz çayının sol sahili boyunca, Azərbaycan ilə İran arasındakı dövlət sərhədi istiqamətində uzanır.
Cəbrayıl rayonu 1993-cü ildə işğal olunduqdan sonra yaşayış məntəqələrinin böyük əksəriyyəti dağıdılmış, rayonun tarixi-mədəni irsinə ciddi zərər vurulmuşdu. Şəhər və kəndlər demək olar ki, tamamilə viran edilmiş, məktəblər, xəstəxanalar, inzibati binalar və digər sosial obyektlər istifadəyə yararsız vəziyyətə salınmışdı.
İşğal nəticəsində avtomobil yolları və körpülər dağıdılmış, elektrik, rabitə və su təchizatı sistemləri sıradan çıxarılmışdı. Əkin sahələri uzun illər istifadəsiz qalmış, bağlar və üzüm plantasiyaları məhv edilmişdi. Meşələrə və otlaq sahələrinə də ciddi ziyan dəymişdi.
Lakin bu gün Cəbrayılda tamam başqa bir mənzərə ilə qarşılaşırıq. Böyük Qayıdış proqramı çərçivəsində burada geniş bərpa və yenidənqurma işləri aparılır. Yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Cəbrayılın adı çəkiləndə 2016-cı ilin Aprel döyüşləri zamanı azad edilmiş Lələtəpə yüksəkliyi də yada düşür. Həmin strateji yüksəklik üzərində nəzarətin bərpası təkcə hərbi baxımdan deyil, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət daşıyırdı.
Lələtəpənin azad olunması Cocuq Mərcanlı kəndində həyatın yenidən bərpasına imkan yaratdı.
Səfər yoldaşımız Mətləb Quliyev uşaqlıq illərinin keçdiyi Böyük Mərcanlı kəndində maşından düşərək vaxtilə yaşadıqları evin dağıntılarını bizə göstərdi. “Burada bizim hər şeyimiz - qəşəng evimiz, həyət-bacamız; çoxlu ərik ağacları olan bağımız, mal-qaramız var idi. Maraqlıdır indi onların yerində yalnız gördüyünüz bu daş topaları qalıb” dedi və kövrəldi. Onun keçirdiyi hissləri sözlə ifadə etmək çətin idi. Uşaqlıq xatirələrinin yaşadığı məkanın dağıntılar içərisində qalması hər birimizi kövrəltdi.
Bu torpaqlarda keçmişin izləri ilə gələcəyin ümidləri yanaşı addımlayırdı. Qarabağın dirçəlişi artıq bir arzu deyil, göz önündə gerçəkləşən həqiqət idi.
III hissə – Zəngilan və Qubadlı: Arazboyu torpaqlardan Zəngəzur dağlarına doğru
Cəbrayılı geridə qoyaraq yolumuza davam edirik. Araz çayının sahili boyunca uzanan geniş magistral yol bizi Qarabağın daha bir gözəl guşəsinə – Zəngilan rayonuna aparır. Yol boyu rast gəldiyimiz mənzərələr insanı həm kədərləndirir, həm də sevindirirdi. Bir tərəfdən uzun illər davam edən işğalın ağır izləri göz önündə canlanır, digər tərəfdən isə dirçəlişin və quruculuğun nəfəsi hər addımda hiss olunurdu.
Arazboyu düzənliklərdə vaxtilə abad yaşayış məntəqələrinin yerləşdiyi ərazilər indi yenidən həyata qovuşmağa başlayıb. Bir zamanlar viran qoyulmuş torpaqlarda yeni yollar çəkilir, yaşayış məhəllələri salınır, mühəndis-kommunikasiya xətləri bərpa edilir.
İşğal dövründə Zəngilan rayonu da Qarabağın digər bölgələri kimi böyük dağıntılara məruz qalmışdı. Yaşayış məntəqələri, sosial obyektlər, məktəblər, xəstəxanalar və mədəniyyət müəssisələri demək olar ki, tamamilə dağıdılmışdı. Təbii sərvətlərdən qeyri-qanuni istifadə olunmuş, meşələrə ciddi ziyan vurulmuşdu.
Bu gün isə Zəngilan tamam başqa sima qazanır. Böyük Qayıdış proqramı çərçivəsində burada genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Rayonun gələcəkdə mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində mühüm layihələr reallaşdırılır.
Bu layihələrin ən mühümlərindən biri Zəngilan Beynəlxalq Hava Limanıdır. Müasir standartlara uyğun inşa edilmiş hava limanı artıq regionun iqtisadi inkişafında və beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır.
Zəngilanın adı çəkilərkən ilk növbədə burada həyata keçirilən «Ağıllı kənd» layihəsi yada düşür. Azərbaycanın ilk «Ağıllı kənd» layihəsinin məhz bu rayonda reallaşdırılması təsadüfi deyil. Müasir texnologiyaların tətbiqi, alternativ enerji mənbələrindən istifadə, yüksək səviyyəli infrastruktur və ekoloji yanaşmalar bu layihəni xüsusi əhəmiyyətli edir.
Rayonun zəngin təbiəti də diqqəti cəlb edir. Azərbaycanın ən qədim çinar meşələrinin bir hissəsi məhz Zəngilan ərazisində yerləşir. Buradakı zəngin flora və fauna, məhsuldar torpaqlar və əlverişli iqlim şəraiti rayonun kənd təsərrüfatı potensialını daha da artırır.
Yolumuz bizi tədricən Qubadlıya doğru aparır.
Artıq düzənlik ərazilər arxada qalır, qarşımızda Zəngəzur silsiləsinin möhtəşəm dağları ucalır. Mənzərə getdikcə dəyişir, relyef daha sərt və daha füsunkar xarakter alır.
Qubadlıya daxil olduqca Həkəri çayının vadisi boyunca uzanan gözəl mənzərələr diqqəti cəlb edir. Dağların qoynunda yerləşən kəndlərin panoramı, yaşıl yamaclar, çay boyunca uzanan təbii landşaft insanı valeh edir.
Təəssüf ki, bu gözəlliklərin fonunda işğalın ağır nəticələri də özünü göstərir. Burada da yaşayış məntəqələri ciddi dağıntılara məruz qalmış, sosial infrastruktur demək olar ki, məhv edilmişdi.
Lakin bu gün Qubadlıda da həyat yenidən canlanır. Yeni yollar çəkilir, yaşayış məntəqələri salınır, mühəndis-kommunikasiya sistemləri qurulur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına mərhələli şəkildə qayıdışı üçün hərtərəfli şərait yaradılır.
Qubadlının təbiəti özünəməxsus gözəlliyi ilə seçilir. Burada artıq Qarabağın düzənlik hissəsi arxada qalır, Kiçik Qafqazın yüksək dağ mənzərələri üstünlük təşkil edir. Sıldırım qayalar, meşələrlə örtülü yamaclar, dağ çayları və geniş vadilər bu bölgəyə xüsusi gözəllik bəxş edir.
Yol boyu rast gəldiyimiz mənzərələr arasında bir səhnə xüsusilə yaddaşıma həkk olundu. Yolun kənarında sərbəst otlayan bir dəstə Qarabağ atını gördük. Bu nəcib heyvanlar sanki azadlığın, qürurun və yenidən doğuluşun rəmzi idi.
Qarabağ atları əsrlər boyu Azərbaycan xalqının mənəvi sərvəti olmuş, igidliyin, dözümlülüyün və gözəlliyin simvolu kimi tanınmışdır. Onları doğma yurdlarında, azad səmalarda görmək xüsusi duyğular oyadırdı.
Qubadlı artıq təkcə keçmişin ağrılarını deyil, həm də gələcəyin ümidlərini özündə yaşadır. Burada aparılan genişmiqyaslı quruculuq işləri göstərir ki, uzun illər həsrətində olduğumuz torpaqlar yenidən öz əvvəlki şöhrətini qaytarmağa doğru inamla addımlayır.
Qarşımızda isə Qarabağın ən füsunkar guşələrindən biri – dağların qoynunda yerləşən, əsrarəngiz təbiəti ilə seçilən Laçın uzanırdı...
IV hissə – Laçın: Zəngəzurun yaşıl cənnəti
Qubadlını arxada qoyaraq yol getdikcə daha da dağ landşaftı kəskin olurdu. Qarşımızda Zəngəzur dağlarının əzəmətli silsilələri yüksəlirdi. Artıq hiss olunurdu ki, Qarabağın düzənlik hissəsi geridə qalıb və biz Azərbaycanın ən füsunkar guşələrindən birinə – Laçına yaxınlaşırıq.
Laçın təkcə coğrafi mövqeyinə görə deyil, həm də təbiətinin nadir gözəlliyi, zəngin təbii sərvətləri və qədim tarixi ilə ölkəmizin seçilən bölgələrindən biridir. Yol boyu sıldırım qayalar, dərin dərələr, sıx meşələr və dağ çayları bir-birini əvəz edir, insanı valeh edən möhtəşəm mənzərələr yaradırdı.
Dağlıq relyef burada yol tikintisini xeyli mürəkkəbləşdirir. Məhz buna görə də yeni avtomobil magistrallarının çəkilməsi zamanı çoxsaylı tunellərin və körpülərin inşa olunmasına ehtiyac yaranmışdır. Səfərimiz zamanı bu nəhəng mühəndis qurğularını görmək bizdə xüsusi qürur hissi doğururdu. Qısa müddət ərzində həyata keçirilən bu layihələr Azərbaycanın iqtisadi imkanlarının, mühəndislik potensialının və quruculuq əzminin parlaq nümunəsidir.
Laçın rayonu Kiçik Qafqaz dağ sisteminin ən yüksək və ən gözəl hissələrindən birində yerləşir. Rayon ərazisinin böyük hissəsi dağlıqdır. Burada yüksəkliklər 700 metrdən başlayaraq 3600 metrədək dəyişir. Ən yüksək zirvələrdən biri olan Qızılboğaz dağı öz əzəməti ilə diqqəti cəlb edir.
Laçın uzun illərdir ki, Azərbaycanın təbiət incilərindən biri hesab olunur. Rayonun ərazisində on minlərlə hektar yaylaq sahələri, zəngin meşə massivləri, saf bulaqlar və dağ çəmənlikləri mövcuddur. Yay aylarında bu ərazilər rəngarəng çiçəklərlə örtülür, sərin dağ havası isə buraya xüsusi gözəllik bəxş edir.
Rayonun ərazisindən Həkəri, Zabux, Şəlvə və Minkənd çayları axır. Bu çaylar bölgənin su ehtiyatlarının formalaşmasında mühüm rol oynamaqla yanaşı, onun təbii mənzərəsini daha da zənginləşdirir.
Laçın qədim yaşayış məskənlərindən biridir. Rayon ərazisində müxtəlif dövrlərə aid kurqanlar, qədim qəbiristanlıqlar, körpülər, məbədlər və digər tarixi abidələr mövcuddur. Bu abidələr bölgənin zəngin keçmişindən, burada yüzillər boyu formalaşmış mədəniyyət və həyat tərzindən xəbər verir.
Təəssüf ki, Qarabağ münaqişəsi Laçından da yan keçməmişdir. Uzun illər işğal altında qalan rayon böyük dağıntılarla üzləşmiş, yaşayış məntəqələri, sosial obyektlər və infrastruktur ciddi zərər görmüşdür.
Bu gün isə Laçın yenidən dirçəlir. Rayon ərazisində genişmiqyaslı quruculuq işləri aparılır, yeni yaşayış məhəllələri salınır, yollar çəkilir, sosial obyektlər tikilir. Uzun illər doğma yurdlarından uzaqda yaşamış insanlar mərhələli şəkildə öz ata-baba torpaqlarına qayıdırlar.
Laçının zəngin təbiəti onun flora və faunasında da öz əksini tapır. Burada palıd, cökə, ağcaqayın, göyrüş, şam və digər ağac növləri geniş yayılmışdır. Rayonun meşələrində qonur ayı, cüyür, qaya keçisi, canavar, tülkü, porsuq, qartal və kəklik kimi heyvan və quş növlərinə rast gəlinir.
Laçın həm də faydalı qazıntılarla zəngin rayonlarımızdandır. Burada civə yataqları, vermikulit ehtiyatları, pemza yataqları, müxtəlif üzlük daşları, inşaat materialları və mineral su mənbələri mövcuddur. Bir geoloq kimi bu zənginliklər mənim üçün xüsusi maraq doğururdu. Bu sərvətlər gələcəkdə həm rayonun, eləcə də respublikamızın iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Laçın haqqında düşünərkən insanın yaddaşında ilk növbədə təbiətin əzəməti canlanır. Sonsuz yaylaqlar, dumanlara bürünmüş dağ zirvələri, buz bulaqları, sıx meşələr və sıldırım qayalar bu bölgəni əsl təbiət möcüzəsinə çevirir.
Təsadüfi deyil ki, Laçını çox vaxt «dağların qoynunda yerləşən yaşıl cənnət» adlandırırlar. Burada insan özünü təbiətlə baş-başa, sanki başqa bir aləmdə hiss edir.
Bu gözəllikləri öz gözlərinlə görmək, uzun illər həsrətində olduğun torpaqlara yenidən qovuşmaq xüsusi hisslər yaşadır. Qəlbdə qürur, sevinc və kövrəklik bir-birinə qarışır. İnsan bir tərəfdən həyata keçirilən möhtəşəm quruculuq işlərinə sevinir, digər tərəfdən isə bu torpaqların keçdiyi ağır yolu xatırlayaraq duyğulanır.
Laçın təkcə strateji əhəmiyyətə malik rayon deyil. O, həm də Azərbaycanın təbiətinin, tarixinin, mədəniyyətinin və milli yaddaşının ayrılmaz parçasıdır.
Qarabağa səfərimizin növbəti dayanacağı isə Qarabağın ürəyi, Azərbaycan mədəniyyətinin beşiyi, hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa şəhəri idi.
V hissə – Şuşa: Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi
Laçının əsrarəngiz təbiəti ilə vidalaşaraq yolumuzu Qarabağın mənəvi paytaxtına – Şuşaya doğru davam etdiririk. Yol boyu dağların əzəməti, sıldırım qayalar, dərin dərələr və insanı valeh edən mənzərələr bizi müşayiət edir. Getdikcə hiss olunur ki, yaxınlaşdığımız məkan adi bir şəhər deyil, xalqımızın milli yaddaşında, tarixində və mədəniyyətində xüsusi yeri olan müqəddəs bir ocaqdır.
Şuşa Azərbaycan tarixində, mədəniyyətində və mənəvi həyatında müstəsna yer tutan şəhərlərdən biridir. Qarabağın tacı hesab edilən bu qədim şəhər öz zəngin tarixi, nadir memarlıq abidələri, görkəmli şəxsiyyətləri və bənzərsiz təbiəti ilə əsrlər boyu şöhrət qazanmışdır.
Şuşa şəhəri Qarabağ silsiləsinin yüksək hissəsində, dəniz səviyyəsindən təxminən 1300–1600 metr yüksəklikdə yerləşir. Şəhərin yerləşdiyi ərazi sıldırım qayalarla əhatə olunduğundan təbii istehkam xüsusiyyətlərinə malikdir. Buradan Qarabağın geniş vadilərinə, meşəliklərinə və dağlarına açılan mənzərə insanı heyran edir.
Şuşanın əsası XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Mənbələrə görə, şəhər təxminən 1752-ci ildə salınmış və ilk dövrlərdə Pənahabad adı ilə tanınmışdır. Sonralar isə Şuşa adı ilə məşhurlaşaraq Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.
XIX əsrdə və XX əsrin əvvəllərində Şuşa Qafqazın ən mühüm mədəniyyət ocaqlarından biri hesab olunurdu. Məhz buna görə də şəhəri çox vaxt «Qafqazın konservatoriyası» adlandırmışlar.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan bir çox görkəmli şəxsiyyətlər məhz Şuşada dünyaya gəlmişdir. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və onlarla başqa sənətkar xalqımızın mədəni irsini zənginləşdirərək Azərbaycanı dünyada tanıtmışlar.
Şuşa təkcə musiqinin deyil, həm də poeziyanın, ədəbiyyatın, rəssamlığın və memarlığın inkişaf etdiyi mühüm mədəniyyət mərkəzi olmuşdur. Bu səbəbdən də Azərbaycan xalqı Şuşanı haqlı olaraq milli mədəniyyətimizin beşiyi hesab edir.
Şəhərin ən məşhur məkanlarından biri Cıdır düzüdür. Bu ərazi əsrlər boyu Qarabağ atlarının yarışlarının keçirildiyi, xalq şənliklərinin təşkil olunduğu müqəddəs məkan kimi tanınmışdır. Buradan açılan mənzərə Qarabağın ən gözəl təbiət lövhələrindən biri hesab edilir.
Cıdır düzündə dayanaraq ətrafı seyr edərkən insan sözün həqiqi mənasında zamanın dayanmasını hiss edir. Qarşında uzanan sonsuz dağlar, dərin dərələr və mavi səma adama qeyri-adi rahatlıq bəxş edir. Uzun illər yalnız kitablardan, televiziya ekranlarından və fotolardan tanıdığın bu mənzərələri öz gözlərinlə görmək tamam başqa duyğular yaradır.
Şuşa həm də öz zəngin memarlıq irsi ilə seçilir. Burada Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Natəvanın evi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün ev-muzeyi və digər tarixi-mədəniyyət abidələri yerləşir.
Uzun illər işğal altında qalmış şəhərdə bir sıra abidələrə ciddi ziyan dəymiş, tarixi irsə qarşı vandalizm halları törədilmişdir. Bununla belə, bu gün Şuşada genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirilir, tarixi abidələr əvvəlki görkəminə qaytarılır.
Şəhərdə aparılan abadlıq və yenidənqurma işləri xüsusi diqqət çəkir. Tarixi sima qorunmaqla müasir infrastruktur yaradılır, yeni yollar çəkilir, yaşayış və xidmət obyektləri inşa edilir.
2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması şəhərin ölkəmizin mənəvi həyatındakı yerini bir daha təsdiqlədi. Burada müxtəlif beynəlxalq tədbirlər, musiqi festivalları, poeziya günləri və mədəni layihələr həyata keçirilir.
Şuşaya səfər edən hər bir insan burada yalnız qədim bir şəhəri deyil, bütöv bir xalqın tarixini, yaddaşını və ruhunu hiss edir. Şuşa hər bir azərbaycanlı üçün sadəcə coğrafi məkan deyil. O, milli kimliyimizin, mədəni irsimizin və mənəvi dəyərlərimizin simvoludur.
Etiraf etməliyəm ki, Şuşaya qədəm qoyduğum anlarda keçirdiyim hissləri sözlə ifadə etmək asan deyil. Uşaqlıq illərindən adını eşitdiyim, şeirlərdə, mahnılarda, xatirələrdə yaşayan bu şəhəri öz gözlərimlə görmək, onun küçələrində gəzmək, sıldırım qayaların üzərindən Qarabağın füsunkar mənzərəsini seyr etmək mənim üçün unudulmaz hadisəyə çevrildi.
Əvvəllər böyük şairimiz Abbas Səhhətin «Vətən» şeirini dinləyərkən gözlərim önündə həmişə Qarabağ, Şuşa və Cıdır düzü canlanardı. İndi isə həmin yerlərdə olmaq, onların yenidən dirçəlişinə şahidlik etmək insanda həm böyük sevinc, həm də dərin kövrəklik hissi yaradırdı:
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.
Vətənim verdi mənə namü nəmək,
Vətəni məncə unutmaq nə demək?!...
Şuşada keçirdiyimiz hər an mənə bir həqiqəti bir daha xatırlatdı: torpaq yalnız coğrafi məkan deyil, o, xalqın tarixi yaddaşı, mədəni sərvəti və mənəvi varlığıdır. Bu torpaqların yenidən həyata qovuşması isə yalnız siyasi və hərbi qələbənin deyil, həm də milli ruhun təntənəsinin ifadəsidir.
Şuşadan ayrılarkən qəlbimizdə qəribə bir hiss vardı. Bir tərəfdən, illərlə həsrətində olduğumuz torpaqlara qovuşmağın sevincini yaşayır, digər tərəfdən isə bu müqəddəs diyarın keşməkeşli taleyini düşünərək kövrəlirdik.
Qarabağa səfərimizin növbəti dayanacağı isə Qarabağın digər mühüm şəhərlərindən biri olan Xankəndi idi.
VI hissə – Xankəndi: Qarabağın yeni səhifəsi
Şuşadan ayrılarkən qəlbimizdə qəribə bir hiss vardı. Uzun illər boyu yalnız xəbərlərdə, siyasi müzakirələrdə və tarixi hadisələrin fonunda eşitdiyimiz Qarabağın digər mühüm şəhəri – Xankəndi artıq çox uzaqda deyildi. Qarşımızda Azərbaycanın tarixində mürəkkəb, keşməkeşli, lakin eyni zamanda mühüm yer tutan bir şəhər dayanırdı.
Qarqar çayının yaxınlığında, Qarabağ silsiləsinin ətəklərində yerləşən Xankəndi öz təbii gözəlliyi və əlverişli coğrafi mövqeyi ilə seçilir. Yaşıllıqlarla əhatə olunmuş şəhər dəniz səviyyəsindən təxminən 800–900 metr yüksəklikdə yerləşir və mülayim dağ iqliminə malikdir.
Tarixi mənbələrə görə, Xankəndinin əsası XVIII əsrin sonlarında qoyulmuşdur. Şəhərin adı Qarabağ xanlarının burada yay iqamətgahlarının və istirahət məkanlarının yerləşməsi ilə bağlı yaranmış, "Xanın kəndi" ifadəsindən formalaşaraq zamanla Xankəndi adını almışdır.
Uzun illər ərzində Xankəndi Qarabağın inzibati, iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur. Şəhərin inkişafı müxtəlif tarixi dövrlərdə fərqli mərhələlər keçmiş, bölgədə baş verən ictimai-siyasi hadisələr onun taleyinə ciddi təsir göstərmişdir.
Qarabağ münaqişəsi dövründə Xankəndi regionun ən çox müzakirə olunan məkanlarından birinə çevrildi. Onilliklər ərzində burada baş verən hadisələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi gündəmində mühüm yer tutdu.
Bu gün isə şəhər yeni bir dövrə qədəm qoyur. Qarabağda yaranmış yeni reallıqlar Xankəndinin də inkişaf perspektivlərini müəyyənləşdirir. Bölgədə təhlükəsizliyin təmin olunması, infrastrukturun yenilənməsi, sosial həyatın canlanması və iqtisadi fəaliyyətin genişlənməsi istiqamətində mühüm addımlar atılır.
Xankəndi Şuşadan cəmi bir neçə kilometr məsafədə yerləşsə də, hər iki şəhərin özünəməxsus ruhu və tarixi kimliyi vardır. Şuşa daha çox Azərbaycanın mədəniyyət və musiqi beşiyi kimi tanınırsa, Xankəndi uzun illər Qarabağın inzibati mərkəzlərindən biri kimi formalaşmışdır.
Bu torpaqlarda gəzdikcə insan bir daha anlayır ki, Qarabağ yalnız münaqişələr və qarşıdurmalar məkanı deyil. Qarabağ, ilk növbədə, zəngin təbiətə, qədim tarixə, çoxəsrlik mədəniyyətə və böyük mənəvi dəyərlərə malik bir diyardır.
Qarabağa səfərimiz zamanı ən çox təsirləndiyim məqamlardan biri burada aparılan genişmiqyaslı quruculuq və bərpa işləri oldu. Yeni yolların, körpülərin, yaşayış məhəllələrinin, məktəblərin, inzibati binaların və digər infrastruktur obyektlərinin tikintisi gələcəyə böyük inam yaradırdı.
İllər boyu dağıntılar, xarabalıqlar və müharibənin ağır nəticələri ilə bağlı xəbərlər eşitmişdik. İndi isə həmin ərazilərdə həyatın yenidən canlandığını, insanların doğma yurdlarına qayıtmağa hazırlaşdıqlarını görmək xüsusi sevinc hissi doğururdu.
Bu mənzərə insanı düşündürür. Müharibələr torpaqları viran qoya bilər, şəhərləri dağıda bilər, insan talelərinə ağır izlər sala bilər. Lakin xalqların yaşamaq iradəsi, qurmaq əzmi və gələcəyə inamı dağıdılmış şəhərləri yenidən dirçəltməyə qadirdir.
Qarabağın keçdiyi yol ağır və keşməkeşli olmuşdur. Birinci və İkinci Qarabağ müharibələri minlərlə ailənin taleyini dəyişdirmiş, yüz minlərlə insanı doğma yurdlarından ayrı salmışdır. Bu ağrıları ən çox sadə insanlar yaşamış, illərlə həsrət yükünü çiyinlərində daşımışlar.
Bu gün isə əminəm ki, bölgədə davamlı sülhün, qarşılıqlı anlaşmanın və təhlükəsizliyin təmin olunması üçün yeni imkanlar yaranır. Tarix göstərir ki, ən mürəkkəb və qanlı münaqişələrdən sonra belə xalqlar arasında münasibətlərin normallaşması mümkündür. Bunun üçün qarşılıqlı etimadın formalaşması, təhlükəsizlik hissinin möhkəmləndirilməsi və gələcəyə yönəlmiş baxışın üstünlük təşkil etməsi vacibdir.
Qarabağa səfərimdən aldığım ən böyük təəssürat yalnız yeni yolları, binaları və yaşayış məntəqələrini görməkdən ibarət deyildi. Mən burada həm də insanların doğma torpaqlarına qayıtmaq sevincini, yenidən qurmaq əzmini və gələcəyə olan inamını gördüm.
Uzun illər əlçatmaz görünən arzuların gerçəyə çevrildiyinin şahidi olmaq insanın qəlbində xüsusi duyğular oyadır. Bu duyğular sevinc, qürur, kövrəklik və gələcəyə inam hisslərinin vəhdətidir.
Mənim ən böyük arzum bundan sonra Qarabağın yalnız quruculuq, inkişaf, mədəniyyət və sülh məkanı kimi tanınmasıdır. Çünki yalnız davamlı sülh şəraitində insan əməyi, zəhməti və yaradıcı potensialı öz həqiqi dəyərini tapa bilər.
Qarabağ bu gün yenidən dirçəlir. Bu dirçəliş təkcə şəhərlərin və kəndlərin yenidən qurulması deyil, həm də xalqımızın tarixi yaddaşının, milli ruhunun və gələcəyə inamının bərpasıdır
Qarabağ indi yalnız keçmiş ağrıların deyil, həm də qürurun, qələbənin və yenidən doğuluşun simvoludur. Qarabağın bərpası və inkişafı Azərbaycanın güclü dövlət, xalqımızın isə öz tarixinə və vətəninə bağlı millət olduğunu nümayiş etdirir. "Qarabağ Azərbaycandır!" ifadəsi məhz bu tarixi bağlılığın, milli qürurun və vətən sevgisinin təcəssümü kimi qəbul edilir.
Qarabağa səfərim mənim üçün yalnız bir yolçuluq deyil, həm də illərlə qəlbimdə yaşatdığım arzunun gerçəkləşməsi, doğma torpaqlarla mənəvi görüş və milli yaddaşımızın canlı səhifələri ilə yenidən üz-üzə gəlmək idi.
Yazımı böyük şairimiz Abbas Səhhətin «Vətən» şeirinin misraları ilə başa çatdırmaq istəyirəm:
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən...

