Şaitdin Əliyevin qızının adı namizədlər siyahısından çıxarıldı

Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkiləri üçün irəli sürdüyü namizədlərin siyahısında dəyişiklik edib.

YAP İdarə Heyətinin 17 iyul tarixli qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb. YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək.

Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.

Qanunvericiliyin tələbinə əsasən, qızının deputatlığa namizəd olması üçün Şaitdin Əliyevin MSK üzvlüyündən istefa verməsi tələb olunurdu.

Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub.

Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. Ş.Əliyev MSK-ya parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi üzv seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir.

Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

O, 1995-ci ildə 18 nömrəli Əzizbəyov (indiki Xəzər rayonu) dairəsindən bitərəf namizəd kimi deputat seçilmişdi. 2000-ci ildə isə elə həmin dairədən YAP-ın namizədi olaraq deputat seçilib.