Sərbəst güləş üzrə Azərbaycan komandasının son heyəti Fransaya yollanıb
“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan komandasının son heyəti Fransaya yollanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (130 kiloqram) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.
Avqustun 8-də Ə. Rzazadə ilə O.Nurmaqomedov, növbəti gün T.Bayramov və G.Meşvildişvili, ayın 10-da isə H.Əliyev və M.Maqomedov mübarizəyə başlayacaqlar.