Kelia Nemur və Fransa gimnastikasının dərin məyusluğu
“Paris-2024”də Əlcəzair bayrağı altında mübarizə aparan 17 yaşlı gimnast Kelia Nemur qızıl medal qazanmaqla Afrika qitəsinin tarixinə düşüb. Belə ki, o, bu uğuru ilə ölkəsinə və Afrikaya Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb.
Gənc gimnastın bu uğuru Fransa mətbuatında geniş müzakirə obyektinə çevrilib. Belə ki, atası fransız, anası isə əlcəzairli olan K.Nemur 2006-cı ildə Fransanın Tours şəhərində doğulub. Fransada böyüyən və gimnastika idmanına bu ölkədə başlayan K.Nemur 2021-ci ildə intizam məsələləri ilə əlaqədar Fransa Gimnastika Federasiyası ilə mübahisədən sonra Əlcəzairi təmsil etmək qərarına gəlib. Yeniyetmə idmançı bu qərarından bir qədər əvvəl Fransa çempionu adını da qazana bilib.
K.Nemurun Əlcəzair bayrağı altında Olimpiya çempionu olmasından sonra Fransada artıq peşmanlıq duymağa başlayıblar. Yerli mətbuatda yayılan xəbərlərdə belə bir istedadlı idmançıya lazımi diqqətin göstərilməməsi təəssüflə bildirilir. Bu ölkənin nüfuzlu nəşrlərində yayımlanan “Kelia Nemur: Fransa idmanının özünü məhrum etdiyi qızıl medal”, “Fransız idmanının dərin məyusluğu” və digər sərlövhəli məqalələrdə Olimpiadada qızıl medalın əldən verilməsinə görə federasiya tənqid olunub. Bununla yanaşı, xəbərlərdə idmançının bu ölkədə doğulması və karyerasına burada başlaması vurğulanaraq, onun uğurlarının Fransa ilə əlaqələndirilməsinə də cəhd göstərilir.//Azərtac