İcma: Qərb dairələrinin Oskanyan kimilərlə təmasları Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir

Son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar tarixin zibil yeşiyinə göndərilmiş separatçı meylləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmaslarını aktivləşdiriblər. Yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda Toyvo Klaar və bəzi digər Qərb dairələri ilə görüşlər keçiriblər. Xatırladaq ki, Oskanyan uydurma “dağlıq qarabağ respublikasının” mövcud olmayan “parlamenti” tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət üçün yaradılmış hansısa “komissiyaya” sədrlik edir. Qərb dairələrinin Oskanyan kimiləri ilə təmasları siyasi riyakarlığın bariz nümunəsi olmaqla, Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Necə olur ki, Toyvo Klaar Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmayan Qərbi Azərbaycan İcması ilə təmaslardan qaçır, amma Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edən, Xocalı qatili, irqçi Robert Koçaryanın xarici işlər naziri olmuş, reallıqdan tamamən uzaq düşmüş, populist Vardan Oskanyan ilə görüşür?

Toyvo Klaar kimilərinin biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danması, bu hüququn yalnız ermənilərə aid olmasını iddia etməsi gecə-gündüz “demokratiya”dan, “insan hüquqları”ndan danışanların əslində məsələlərə dini və etnik təəssübkeşlik prizmasından yanaşmasını sübut edir.

Militarist gündəliyə malik uydurma “qurumlar”ın, Vardan Oskanyan ağılda olanların başçılıq etdiyi hansısa “komissiya”nın Ermənistan ərazisində rahat fəaliyyət göstərməsi, sürətlə silahlanan bu ölkənin Azərbaycanla sülhdə maraqlı olmadığını və revanşizm mövqeyindən çıxış etdiyini göstərir.

Ermənistan sözdə sülhdən danışıb, reallıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləyib vəziyyəti gərginləşdirən xəttindən əl çəkməlidir”.