Muxtar Babayev Almaniya XİN nümayəndəsi ilə COP29-la bağlı prioritet məsələləri müzakirə edib
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan arasında görüş olub.
Bu barədə COP29-un rəsmi "X" sosial media hesabında paylaşım edilib.
Görüş zamanı Bakıda keçiriləcək COP29-da ümumi prioritet məsələlərin həllində gələcək tərəqqi yollarının axtarışını davam etdirmək müzakirə edilib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.