İqlim dəyişikliklərinin çətinlikləri dayanıqlı inkişaf məqsədlərinə nail olmağa mane olur - Muxtar Babayev
Biz iqlim dəyişikliyi ilə bağlı məqsədləri müəyyən edib müzakirə etməliyik.
Bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, iqlim dəyişikliklərinin çətinlikləri dayanıqlı inkişaf məqsədlərinə nail olmağa mane olur.
“Biz koordinasiya olunan qlobal tədbirlərə üz tutmalıyıq. Ölkələr bilməlidilər ki, biz bu yolla dayanıqlı inkişafı dəstəkləyə bilərik. Elə həll yolları tapmalıyıq ki, bu dayanıqlı inkişafda heç kəs kənarda qalmasın”,- deyə M.Babayev bildirib.
Qeyd edək ki, Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "İqlim Dəyişmələri və Ədalətli Keçid: Həmkarlar İttifaqlarının Rolu və Fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərliyi və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.//Trend