Kənd təsərrüfatı nazirinin müavini Biləsuvarda vətəndaşları qəbul edib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov oktyabrın 2-də Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Biləsuvar və Lerik rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirlikdən bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin subsidiyası, icarəyə torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Elçin Zeynalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazir müavini qəbuldan sonra Biləsuvar DAİM-in kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.