Ceyhun Bayramov səfir Besart Kadia ilə görüşüb

Oktyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Besart Kadia ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, Albaniyanın Azərbaycanda ilk rezident səfiri təyin olunan Besart Kadia etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı Azərbaycan və Albaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Azərbaycan və Albaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, investisiyalar, humanitar, turizm və sair istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.

Bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı, dəstək və həmrəyliyinin birgə təşəbbüslərin irəlilədilməsi, habelə ölkələrimiz əleyhinə atılan addımların qarşısının alınması baxımından əhəmiyyəti vurğulanıb.

Ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar prosesindən bəhs olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.