Revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir - Təhlükəsizlik Şurasının katibi

Revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir

Bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı yeni reallıqların nəticəsi olaraq, bu gün ölkəmizin təhlükəsizlik sisteminin təkmilləşdirilməsi istiqamətində də davamlı tədbirlər həyata keçirilir, yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə hazırlanan kompleks tədbirlər və fəaliyyət proqramı-strategiyası Azərbaycanın təhlükəsizliyinin etibarlı təmini faktorudur.

Məlum xarici dövlətlərin və təsisatların Ermənistan ərazisi vasitəsilə yeni təhdid ocaqları yaratmağa cəhd göstərmələri, eləcə də digər bu kimi proseslərin son aylarda daha da geniş vüsət alması bölgəmizdə həssas olan vəziyyəti daha da gərginləşdirir.

Belə bir revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir, hər cür xarici təsirə qarşı qısa müddətdə effektiv cavab-nəticə verəcək müdafiə sistemini və zərbə strategiyasını artıq tam formalaşdırıb. Həm də bu, dəfələrlə uğurla sınaqdan çıxarılıb.

Azərbaycan Respublikası onun təhlükəsizliyinə qarşı yönələn hər bir təzyiq və təsir cəhdini yerindəcə dəf etmək iqtidarındadır. Erməni revanşistləri ilə yanaşı, bölgədə Azərbaycanın müstəqil iradəsini və liderliyini qəbul etməyən bəzi iri dövlətlər ötən illərin təcrübəsindən düzgün nəticə çıxarmalı, nəyin necə və nə vaxt ediləcəyini dəqiq bilən strategiyanın və "Dəmir Yumruğ"un gücünü heç vaxt unutmamalıdırlar. Bilməlidirlər ki, regionda yaradılacaq hər hansı hərbi qarşıdurma, Azərbaycanın zorən yeni münaqişəyə cəlb edilməsi onun üçün daha ağır nəticələrə səbəb olar.

Azərbaycanda təhlükəsizlik sistemində və hərbi sahədə həyata keçirilən tədbirlər, islahatlar davam edir və bütün bunlar da, şübhəsiz, Silahlı Qüvvələrin bütün növ qoşun birləşmələrinin maddi-texniki bazasının gücləndirilməsinə, şəxsi heyətin peşəkarlığının və döyüş ruhunun yüksəldilməsinə töhfələr verir. Hərbi üstünlüyümüzü şərtləndirən və möhkəmləndirən mühüm nailiyyətlər isə faktiki olaraq, Azərbaycanın Qafqazın ən böyük hərbi gücü və etibarlı təhlükəsizliyə sahib olma faktının isbatıdır.

Azərbaycan bölgənin yeni təhlükəsizlik, iqtisadi-sosial, siyasi, humanitar sistemini formalaşdıraraq, onun sabitlik və inkişaf istiqamətlərini müəyyənləşdirir. Son onilliklər ərzində dünyanın qaynar nöqtələri sırasında qeyd edilən Qafqaz bölgəsi Prezident İlham Əliyevin Zəfər missiyasının nəticəsində indi dayanıqlı təhlükəsizlik, davamlı inkişaf, etibarlı əməkdaşlıq ünvanına çevrilib", - o qeyd edib.//Trend