Baş nazir Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlər keçirilir.
Multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzi olduğu bildirilərək fərqli etnik dəyərlərə, mədəniyyətlərə və dinlərə malik xalqların əsrlər boyu ölkəmizdə davam edən mehriban birgəyaşayışının bunu təsdiq etdiyi vurğulanıb.
Müasir dövrdə Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyi diqqətə çatdırılıb.
2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması bütün İslam dünyası tərəfindən Azərbaycana göstərilən böyük dəstəyin təzahürü kimi qiymətləndirilib.
Müsəlman Ağsaqqalları Şurasının Azərbaycanın İslam həmrəyliyinə verdiyi mühüm töhfələri, həmçinin ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində səylərini yüksək qiymətləndirdiyi bildirilib.